Daim qəlbimizdə yaşayaraq ölməzlik qazanan şəhidlər

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ və ətrafındakı ərazilərdə erməni işğalçılarına qarşı hərbi-siyasi qələbəsi xalqımızın çoxəsrlik tarixində ən böyük hadisədir. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmiz və dünya üçün daha böyük qələbələr vəd etməkdədir.

44 günlük Vətən Müharibəsi bütün dünyaya Azərbaycanın gücünü göstərdi. Silahlı Qüvvələrimizin bu böyük hərbi tarixi yazarkən istifadə etdiyi müasir silah və texnoloji qurğular bu tarixi qələbənin əldə edilməsində ölkəmizin qüdrətinin göstəricisi idi. 

Bu tarixi imtahanda xalqımızın qalib gəlməsinin ən vacib amillərindən biri də 30 illik həsrətimizə son qoyan və bizi vətənimizə qaytaran xalqımızın birliyi, qalib Azərbaycan Ordusunun vətənpərvərliyi, gözünü qırpmadan şəhid olan oğulların qəhrəmanlığıdır.

 Müharibələr varsa, deməli şəhidlər var, itkilər var, qazilər var. Üç minə yaxın Azərbaycan qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda Vətən savaşında şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazı adını qazandı. 
Hər bir dövlət və xalq bəşəriyyət tarixində öz qəhrəmanları, şəxsiyyətləri ilə tarix səhifələrində izlər buraxır. Tarixin istənilən vaxtında bir millətin başını göyə qaldıran və ya şərəfini qoruyan insanlar o xalqın tarixini yaradan ölməz şəxsiyyətlərdir.
Bəzi insanlar həyatını adi formada yaşayaraq dünyada iz qoymadan gedərlər. Lakin qısa, lakin unudulmaz əməlləri nəticəsində əbədiləşən insanlar da var. Onlar bir anın içərisində böyük qəhrəman olub insanlığa nümunə olurlar. Dünyaya gəldiyi Vətəni, yaşadığı torpağı və ailəni şərəfləndirir, adı çəkiləndə hamı baş əyir. Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Namiq Əhmədov, Anar Novruzov, Rəşad Mahmudov, Yaşar Babayev, Vüqar Sadıqov, İlqar Zeynallı, Xudayar Yusifzadə, Elşad Məmmədov, Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Cəbrayıl Dövlətzadə, Nazim İsmayılov, Ruhin Xəlilov, Ülvü Məmmədov və s. şəxsiyyətlər vətənin azadlıq mübarizəsi yolunda millətin qəhrəmanları, şəhidlik zirvəsinə ucalaraq ölməz oldular. 

Vətən uğrunda döyüşən minlərlə qəhrəmanımız var ki, hərəsinin bir əfsanəsi, bir dastanı və bir tarixi var. Qısa ömür sürən bu qəhrəmanlar çətin vaxtlarda əsl Vətən övladının son borcunu şərəflə yerinə yetiriblər. Gözlərini qırpmadan, dizlərində titrəmə olmadan, əlləri əsmədən, ürəklərində qorxu olmadan şəhid oldular. Bilirdilər ki, onların arxasında Azərbaycan yaşayır və şəhid qanı ilə suvarılan torpağın hər qarışı xalqımız üçün müqəddəsdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi cəsarətli ordumuzun "Dəmir Yumruq" əməliyyatı adı altında Azərbaycanın yeni tarixində Böyük Zəfər müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin və iqtisadi gücünün əyani təsdiqidir. Həyatını xalqının gələcəyinə həsr edənlər həmişə hörmətlə anılırlar. Xalqımız qəhrəmanlarımızı bir adla – “Vətən mücahidləri” kimi ümumiləşdirir. Vətən mücahidləri azadlığın və müstəqilliyin şəhidləri idi. "Ömür Vətən üçündür" fəlsəfəsi ilə yaşayan insanlar bilirlər ki, şəhidlik bəşəriyyət üçün həyatın davamıdır.

Millətin kimliyi qəhrəmanlarında təcəssüm olunur və qəhrəmanın əbədiliyi insanların əbədiyyətidir. Şəhidlik qəhrəmanlığın ən yüksək nöqtəsidir. Şəhidlik zirvəsi yalnız şərəfli məqam deyil, həm də böyük imandır. Şəhidlik zirvəsinin sahibləri heç vaxt unudulmayacaqlar. 
 
Qəhrəman şəhidlərimiz xalqımıza qələbə sevinci bəxş etməklə yanaşı, əsl şəhidliyin mahiyyətini də bizlərə göstərdilər. Şəhidlərimiz insanlar üçün bu həyatın əsasını "mən" deyil, "biz" düşüncəsinin təşkil etdiyini sübut etdilər. Və şəhidlərimizin birliyi nəticəsində tarixi torpaqlarımız işğaldan azad olundu.

Hər bir dövlətin inkişafında və xalqın həyatında ən önəmli amillərdən biri zirvədə duranların kimliyindən asılı olmasıdır. Siyasi liderin nüfuzu onun ölkə daxilində və xalq arasında qazandığı uğurlardan asılıdır. Liderin sosial, iqtisadi və siyasi sahələrdə rəhbərliyi dövründə aparılan işlərin nəticələrinə görə insanların müəyyən fikirləri formalaşır. Eyni zamanda da dövlətin başında duran şəxsin yürütdüyü siyasət xalqının taleyində uğur qazanmasına səbəb olur.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, Azərbaycan xalqının qəhrəmanlıq tarixini yaradan və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı olan bir lider kimi tarixə əbədi olaraq damğasını vurdu. İlham Əliyev "Milli Qəhrəman" və "Vətən Müharibəsi Qəhrəmanı" adlandırılan ən layiqli şəxsiyyətdir.

İlham Əliyevin müharibə zamanı hər bir çıxışı xalqın əzmini və döyüş ruhunu artırdı. Prezidentin çıxışları uşaqdan-böyüyə dillər əzbəri olmuşdu. Hamı prezidentin qələbə mesajlarını səbirsizliklə gözləyirdi, lider-xalq birliyi, inamı və sevgisinin yüksək göstəricisi olmuşdu. Prezidentin çıxışlarında göstərdiyi yumruq artıq zəfərin və dövlət-xalq ordusunun həmrəyliyinin simvoluna çevrilib.

Prezident İlham Əliyevin dediyi kimi: “Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq". O insanlar uzun ömür sürə bilməsələr də, ölməz olub adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdılar. Ölümsüzlük qazanan şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq, gələcək nəsillərə nümunə olacaq, bütün insanlara Vətənini, torpağını və millətini sevməyi öyrədəcəklər... 

Ədliyyə Nazirliyi Katibliyinin aparıcı məsləhətçisi,
I dərəcəli ədliyyə qulluqçusu 
Şəfa Səmədova