Əməkdar artist Rafael İsgəndərov İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə yollanan və şəhid olan Müşfiq Abbasovun son səs yazısını yayımlayıb.
Aktyor şəhidin fotolarından ibarət videoya bunları yazıb:
“Bu gün 27 sentyabr - Anım Günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşfiq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhid səs yazısında bunları deyir: “Allah gələn il bayramı bizim kəndimizdə keçirməyi nəsib etsin, sizi də dəvət edək, görün nə kənd var imiş. Allah bizə onu qismət edər”.
Qeyd edək ki, Ağdam rayonunun Gülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb. M.Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş.