Sakinlərə müjdə! - Metronun “Xocasən” stansiyası istifadəyə hazırdır 

“Hazırkı inşaat, infrastrukturun qurulması və digər işlər bu ilin sonuna yaxud 2023-cü ilin əvvəlinə dək yekunlaşmalıdır”.
Bunu “Sherg.az”a  açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  metropolitenin  “Bənövşəyi xətt”in yerüstü stansiyası olan “Xocasən” in açılmasına münasibət bildirərkən deyib.
O qeyd edib  ki, işlər sürətlə və tapşırılmış qaydada davam edir:

“Burada nəinki infrastrukturun qurulması, həmçinin hərəkətin təmini üçün də müəyyən işlər görülür. İnşaat mərhələsi isə depo və stansiya üzrə əsasən başa çatıb. Hər bir metropoliten xəttinin elektrik deposu olmalıdır ki, bütün xidmət işləri orada aparılsın. Ona görə də bu stansiya “Bənövşəyi xətt”də xidmət göstərəcək.  Xocasən deposunun inşaatı 3 mərhələdə nəzərdə tutulub. Lakin həmin ərazidə yaşayan insanların marağı nəzərə alınaraq yerüstü stansiyanın inşasının ikinci yox, birinci mərhələdə başa catdırılması qərara alınıb. 

Oradakı işlər depo ilə paralel aparılır və tamamlanmaq üzrədir. Artıq infrastrukturun qurulması, müvafiq avadanlıqlarla təchizat və iş rejiminin hərəkət qrafiki üzrə tərtib olunması, istiqamətində işlərə başlanılıb. Buna paralel olaraq quraşdırılmış avadanlıqların tənzimlənməsi prosesi də həyata keçirilir. 

Xatırlayırsızsa ötən ay “Bənövşəyi xətt”in 3 stansiyasının axşam yarım saat erkən bağlanacağını bildirmişdik. Bunun səbəbi isə məhz Xocasən avtovağzal istiqamətində, qatarların hətəkətini tənzimləyən avadanlıqlar və sistemin quraşdırılması ilə bağlı idi. Bu gün davam edən proses isə onun məntiqi davamıdır. 

Artıq sınaq və tənzimləmə  işlərinin ilkin yoxlanması aparılıb. Qarşıdakı günlərdə də bu qayda üzrə proseslər davam edəcək. Yəni ki, yaxın zamanda deponun və stansiyanın istifadəyə verilməsi üçün, həlledici mərhələyə qədəm qoyulub”.