Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub. E.Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirkar hesab edilir. İttihama görə, o icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir. Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər.
İşin mahiyyəti ilə dəqiq tanış olmadığını deyən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az” a bildirib ki, onun belə ağır cinayətlərdə iştirak etdiyini düşünmür:
“Mən Elxanı ləyaqətli və vətənpərvər biri kimi tanıyıram. Lakin işin dəqiqliyini prokrorluq və hüquq- mühafizə orqanları daha yaxşı bilir. Buna görə də hansısa fikir yürütmək doğru olmaz. Çünki burada başqa məsələlər var. Hansısa fikirin söylənməsi həm işin istiqamətləndirilməsinə təsir edə bilər, həm də Elxan bəy və işlə maraqlanan qurumların fəaliyyətinə müdaxilə kimi qiymətləndirilər. Bu səbəbdən də məsələlər ilə bağlı ən yaxşı cavabı Elxan bəy və prokrorluq verəcək”.