Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda iki molla arasında dava-dalaş baş verib.Hadisə ilə bağlı cinayət işi açılıb. Beləliklə bu il fevralın 3-də saat 16 radələrində qəbiristanlıqda fəaliyyət göstərən molla Zakir Əliabbas oğlunu döyərək qabırğalarını sındıran həmkarı, 1975-ci il təvəllüdlü İlqar Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. Məhkəmədə məlum olub ki, İlqar qəbirlərdən birinin yanında Quran oxuyarkən Zakir yaxınlaşaraq ondan müştərisi ilə bağlı söz soruşub.
İlqar isə ona kobud cavab verib və müştəri üstündə tərəflər arasında dava başlayıb. Bu zaman İlqar badalaq fəndi işlədərək Zakiri yerə çırpıb. Zərbənin təsirindən Zakirin bir neçə qabırğasında sınıqlar yaranıb. Hadisədən sonra Zakir polisə etdiyi şikayəti geri götürməsi üçün İlqardan xeyli miqdarda pul tələb edib. Lakin istədiyi məbləği ala bilmədiyi üçün şikayətini geri götürməyib. Yasamal Rayon Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə İlqar Əliyevə üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı taxılıb və üzərinə yaşadığı yeri dəyişməmək, təyin edilmiş vaxtlarda ictimai yerlərdə olmamaq öhdəliyi qoyulub.
Baş verənlərin olduqca təəssüf doğurduğunu söyləyən ilahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bildirib ki, həqiqi dindar və ruhani olan şəxs bunu etməz:
“Bəzi qəbiristanlıqlarda dini savadı olmayan və yalnız qazanc məqsədi güdən dırnaqarası mollalar var. İnsanlar onlara müraciət edirlər. Əslinə qalsa, din bunun əlehinədir. İslamın göstərişlərində əgər kimsə ölüsünü yad etmək istəyirsə, onun üçün Fatihə oxuması və yaxud ruhuna salavat göndərməsinin kifayət olduğu deyilir. Şərt deyil ki, qəbristanlığa getsin, yaxud da kiməsə yasin oxutdursun.
Yox əgər özü bacarmırsa məscidlərdəki həqiqi ruhanilərə müraciət etməlidirlər. Əfsus ki, son zamanlarda dini bilikləri olmayan və Yasin surəsini əzbərliyərək başına papaq qoyub mən mollayam deyənlərin fəaliyyəti çoxalıb. Bu bizim nə milli- mənəvi, nə də dini dəyərlərimizə yaraşır.
Buna görə də biz belə fəaliyyətləri qınayırıq. Bu halların qarşısının alınması üçün ciddi tədbirlər görməlidir. Adiyyəti qurumlar belə insanları bacardıqları qədər qəbiristanlıqlardan uzaqlaşdırmalıdır”.