Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə onkoloji xəstəlikdən vəfat edib. Mərhum dünən günorta saatlarında Yasamal qəbiristanlığında dəfn olunub. Araz Əlizadənin oğlu Səməd Əlizadə deyib ki, atası son vaxtlar onkoloji xəstəlikdən əziyyət çəkirmiş: “Atam çox sadə insan idi. Heç kimi narahat etməzdi. Mütəmadi müalicələr alırdı. Amma faydası olmadı. Dünən gecə saatlarında dünyasını dəyişdi”.
Araz Əlizadə 1951-ci ildə Bakı şəhərində alim ailəsində doğulub. Vikipediyada onun talış əsilli olduğu qeyd olunub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. Sonra Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. 1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunub. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılıb. Mayın 16-18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısı olub. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasına rəhbərlik edib.
O, 1991-1995-ci illərdə Milli Məclisin (Ali Sovet) deputatı olub. Çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak edib. 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində rəsmi qeydə alınmış namizəd olub. 2015-ci il noyabrın 1-də baş tutan seçkilər əsasında formalaşan Milli Məclisin V çağırış deputatı seçilib. Parlamentdə 35 saylı Xətai III seçki dairəsini təmsil edib. Araz Əlizadənin atası görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Məmməd Mübariz Əlizadə, anası tanınmış Azərbaycan dilçisi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zinyət Əlizadədir. Mərhum eyni zamanda filoloq-alim Nüşabə Əlizadənin və şərqşünas-politoloq Zərdüşt Əlizadənin qardaşıdır. Qardaşının ölümü barədə açıqlama verən Zərdüşt Əlizadə uzun müddət onunla əlaqə saxlamadığını deyib. O, qardaşının dəfnində iştirak edib-etməyəcəyi ilə ilə bağlı isə açıqlama vermək istəməyib. Hər iki siyasətçi illər idi ki, küsülü idilər.
Məlumat üçün qeyd edək ki, 71 yaşında həyata gözlərini yuman Araz Əlizadə Rusiya, İran, Türkiyə barədə fikirlərinə, Qafqaz İslam Ordusu haqqında açıqlamalarına görə ciddi tənqidlərə, hətta təhqirlərə məruz qalıb. Partiya sədrinin ölüm xəbəri belə mərhumu öz düşüncələrindən dolayı tənqid hədəfi olmaqdan xilas edə bilməyib.
AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında ilk növbədə həm öz, həm də rəhbərlik etdiyi partiya adından mərhumun ailəsinə, yaxınlarına baş sağlığı verib, səbr diləyib. T.Abbaslı bildirib ki, milli-mənəvi və dini dəyərlərimizə əsasən, dünyasını dəyişmiş insan haqqında ya müsbət danışmaq lazımdır, ya da ümumiyyətlə susmaq məsləhətdir:
"Amma Araz müəllim siyasi fiqur idi, partiya sədri idi. Öz ziddiyyətli fikirləri, cəmiyyətdə birmənalı qarşılanmayan açıqlamaları ilə populyarlaşmışdı. O baxımdan Araz Əlizadənin xəstəlikdən vəfat etməsi xəbərinə cəmiyyətin reaksiyasının müxtəlif cür olması başadüşüləndir. Partiya sədri ilə bağlı kifayət qədər aqressiv mövqeləri, neqativ fikirləri də görürük. Ancaq dünyasını dəyişmiş adama rəhmət diləmək lazımdır. Mərhum partiya sədri ilə işğaldan azad edilmiş ərazilərimizə səfər çərçivəsində bir yerdə olmuşduq. Yaxşı insan idi. Əlbəttə, siyasi baxışları, hadisələrə yanaşmaları bizdən fərqliydi. Sağlığında müxtəlif məsələlərlə bağlı fikirlərimiz toqquşurdu. Ümumən, Araz Əlizadə ziddiyyətli siyasi fiqur idi. Lakin belə məqamda tənqidin yeri deyil. Allah günahlarını bağışlasın!".