Hərbçilərimiz, mülki əhali işgəncələrlə qətlə yetirilib

Edillidə aşkarlanan kütləvi məzarlıq Ermənistanın əsl mahiyyətini ortaya qoyur

  “Ermənilərin törətdiyi amansız soyqırımı nəticəsində minlərlə hərbi qulluqçumuz, soydaşımız itkin düşüb, kütləvi məzarlıqlarda dəfn edilib”. 

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Məhkəmə-Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova deyib. O bildirib ki, belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndində aşkar olunan xüsusi məzarlıqdır. 

Məzarlıqlar 14 sentyabrdan 28 sentyabra qədər tədqiq edilib: “Bu müddət ərzində Edillidə 3 sahə aşkar edilib. Bir və ikinci sahədə 6 skelet sümükləri, 3-cü sahədə 12 skelet sümükləri tapılıb.

 Kütləvi məzarlığın hərbi qulluqçularımıza aid olduğu təsbit edilib. Onların üzərindəki geyimlər, ayaqlarındakı çəkmələr, bellərindəki kəmərlərə görə hərbi qulluqçularımıza aid meyit qalıqları olduğu müəyyən edilib. Skelet sümükləri başları sağa-sola, əlləri, qolları dartılmış vəziyyətdədir. Meyit qalıqları şərqdən qərbə doğru nömrələnərək yuxarı və aşağı ətrafları xüsusi qablara yığılıb. Onlar Hərbi Prokurorluğun qərarları ilə birgə Məhkəmə Tibbi Kriminalistika şöbəsinə təqdim ediləcək". 

  Nuranə Hüseynova vurğulayıb ki, ekspertiza qarşısında qoyulan bütün suallara cavab veriləcək: 

"Bura ölüm səbəbi, torpaqda qalma müddəti, xəsarətlərin növləri və yaşın, boyun, cinsin təyini aiddir. Hazırda hava şəraiti ilə əlaqədar olaraq, skeletlərin üzərinə sellofan materiallar örtülüb ki, bu da sümüklərin müayinə üçün yararlı vəziyyətdə qalması üçündür”. 

  Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Emin Kərimov isə bildirib ki, Edilli kəndində törədilmiş cinayətlərlə bağlı iş başlanılıb: “Hazırda cinayət işinin istintaqı zamanı Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqlarda 25 insana aid meyit qalıqlarına ayrı-ayrılıqda baxışlar keçirilib. Həmin meyit qalıqlarının I Qarabağ müharibəsində itkin düşmüş hansı şəxsə aid olması ilə bağlı araşdırma aparılır. Hazırda həmin cinayət işi ilə bağlı istintaq işləri davam etdirilir”.

  Baş prokuror Kamran Əliyev isə deyib ki, tapılan meyit qalıqlarının bir neçəsinin kimliyi müəyyən edilib. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edirlər. Baş prokuror bildirib ki, dəfələrlə Ermənistandan olan həmkarı ilə görüşdə bu məsələni qaldırıb: 

“Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərindən atmağa çalışırlar. Biz hər itkin düşmüş şəxsin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Meyit qalıqları aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”. 

  Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə bildirib ki, Edilli kütləvi məzarlığı Ermənistanın əsl mahiyyətini ortaya qoyur. Deputat deyib ki, ötən əsrin əvvəllərində olduğu kimi 1990-cı illərin əvvəllərində də ermənilər tərəfindən xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirilib: "1992-ci ildə Xocalı soyqırımı, sonrakı illərdə Daş Başı, Daşaltı, Başlıbel, Malıbəyli kəndlərində ermənilər azərbaycanlılara qarşı xüsusi amansızlıqla divan tutublar. Bu günə qədər 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat yoxdur. I Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə xüsusi amansızlıqla qətlə yetirilməsini azad edilən torpaqlarımızda aşkar edilən kütləvi məzarlıqlar da bir daha ortaya çıxarır. Çox təəssüf ki, dünya birliyi bununla bağlı heç bir reaksiya verməyib. "UNESCO" və digər beynəlxalq təşkilatlar bu gün ermənilərin azərbaycanlılara qarşı soyqırımı və digər insanlıq əleyhinə olan cinayətlərinə reaksiya vermir. Bu, Azərbaycana qarşı olan ikili yanaşmaların növbəti nümunəsi hesab edilməlidir. Amma bunun əksinə Azərbaycana qarşı Ermənistan tərəfindən heç bir əsası olmayan məsələyə az qala qərəzli siyasəti özünün dövlət mahiyyətinə çevirmiş ökələr bizə qarşı ittihamlar irəli sürürlər.
Onu da qeyd edək ki, Xocavənd rayonunun Edilli kəndində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların aşkar edilməsi də növbəti erməni vəhşiliyinin, insanlıq əleyhinə cinayətin bariz nümunəsidir".
  Parlament üzvü qeyd edib ki, Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən Cenevrə Konvensiyaları iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozub. Öz beynəlxalq-hüquqi öhdəliklərinə məsuliyyətsiz münasibət göstərib: "Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olub. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini əsas tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət edib. Daxili qanunvericiliyimizdə onların tam implementasiyasını həyata keçirmişik. Beynəlxalq təşkilatlar nəhayət Ermənistanın insanlıq əleyhinə, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinə real qiymət verməlidir. Bu olmadıqca özünün məkrli mahiyyətindən uzaqlaşmayan Ermənistan daha da aqressiv, təxribatçı siyasət həyata keçirməkdə davam edəcək".