Aylarla qapılar döyürlər! - Vətəndaşlar sığorta şirkətlərinə etibar etmir

Milli Məclisin dünən keçirilən iclasında deputat Razi Nurullayev sığorta şirkətlərindən və yol polisindən şikayətlənib. Millət vəkili bildirib ki, istər avtonəqliyyat, istər daşınmaz əmlak və digər sığorta növlərində göstərilən xidmətlərdən narazılıq çoxdur: "Sığorta sisteminin dəqiq və şəffaf işləməsi həm də dövlətin yükünün azaldılması deməkdir. Bu gün onlarla şirkət tərəfindən müxtəlif sığorta xidmətləri göstərilsə də, vətəndaşlar onlara hələ də etibar etmir”. 

Parlament üzvü bu etibarsızlığın müxtəlif səbəbləri olduğunu bildirib: “İstər avtonəqliyyat, istərsə də daşınmaz əmlakla bağlı sığorta hadisəsi yarananda, sığortaçı bütün əyri yolları işlədir ki, ya sığorta ödənişini ödəməsin, ya da az ödəsin. Mən insanlar tanıyıram ki, başına açılan oyunlardan bezərək sığorta pulundan imtina edib.

 Bir neçə il bundan qabaq “Atəşgah” Sığorta Şirkəti ilə bağlı bir sığorta hadisəsi yaşadıq. Mən müxtəlif üsullardan istifadə edib rəhbərliyə, ən azından bir şöbə müdirinə çıxmaq istədim, mümkün olmadı. 

“Qaynar xətt”ə zəng etməli olursan, bir xanımla danışırsan, o da eyni sözləri dalbadal təkrar edir. Bilmirsən canlıdır, yoxsa robot. “Facebook”da bir paylaşım etdim, şərhlər bölümündə 500-dən çox şərhi oxusaydınız görərdiniz ki, sığorta bazarı hansı vəziyyətdədir. Digər bir məsələ isə sığortaolunanın həftələrlə, aylarla qapılar döyməsidir. Bəzən kiçik avtonəqliyyat hadisəsində belə vətəndaş həftələrlə incidilir. Avtoqəza olub, avtonəqliyyat vasitəsi əzilib, sürücü və sərnişinlərin isə heç burnu da qanamayıb. Lakin iş polisə verilir ki, araşdırılsın, sonra isə sürücü polisdən kağız gətirib sığorta şirkətinə verməlidir. Buna nə ehtiyac var?”.

Razi Nurullayev yol polisindən də şikayətlənib: “Bəzi yol polislərinin yerli-yersiz avtomobilləri saxlaması, avtonəqliyyat vasitələrinin arxasınca düşüb qovması da haqlı narazılıq yaradır. Yol polisləri millət vəkillərinə hörmətlə yanaşır, narazılığımız yoxdur. Sadəcə, bu məsələləri çoxsaylı sürücülərin maraqları üçün deyirəm. Birincisi, avtomobili qovmaq təhlükəlidir və insan tələfatına gətirib çıxara bilər. Mənim məntiqimə görə, şübhəli şəxsi, cinayətkarı qovmaq və həbs etməyə çalışmaq olar. Amma bir sürücü tabe olmadısa, digər hərəkət iştirakçılarına da təhlükə yaradaraq onu qovmağa ehtiyac yoxdur. Hər tərəf, bütün Azərbaycan kameralarla əhatə olunub. Asanlıqla o yol hərəkəti pozan avtomobili müəyyən edib aidiyyəti üzrə dəvət etmək, cərimələmək mümkündür". 

Deputat avtomobil yollarında DYP postlarının funksiyasına əlavələr edilməsini təklif edib:

 "Bu postlarda avtonəqliyyat vasitələrinin saxlanması zərurəti getdikcə sıradan çıxır. Çünki onların gördüyü işi indi radarlar tam olaraq yerinə yetirə bilir. Buna görə də bu postlarda ana və uşaq otağının, əsas dərman preparatlarının satıldığı guşənin, vəziyyəti ağırlaşan avtonəqliyyat sahiblərinin müvəqqəti dincələ biləcəyi otağın təşkil edilməsini, icbari sığorta və digər xidmətlərin göstərilməsini istərdim. Bu posta yaxınlaşan sürücü qayda pozuntusu ilə bağlı yalnız narahatlıq hissi yox, həm də xidmət görüb xoş hisslər keçirsin. Bu həm də polislə vətəndaşlar arasında daha böyük dostluq körpüsünün yaradılmasına yardımçı olar”.