Azərbaycanda su basan magistral yolda SON VƏZİYYƏT - YENİLƏNİB + FOTO/VİDEO

Oxu.Az Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza yerindəki son vəziyyəti təqdim edir:
















10:44

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir etməyib.

Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırda bu istiqamət üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir:

“Digər magistral xətt üzrə dayanıqlı və fasiləsiz su təminatı təmin edilir”.

10:27

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Oxu.Az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:

“Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur”.


09:57

Fövqəladə Hallar Nazirliyi Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsini su basması ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.


09:09

Bakı-Ələt-Qazax-Gürcüstan yolunu su basıb.

Oxu.Az xəbər verir ki, su kəmərində baş verən qəza suyun avtomobil yoluna daşmasına səbəb olub.

Bu səbəbdən yolda nəqliyyatın hərəkəti çətinləşib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə gecə saatlarında qəza baş verib:

“Kür-Bakı su kəmərinin Qaradağ rayonundan keçən hissəsində böyük qəza baş verib. Ətrafa böyük həcmdə su dağılıb. Su Bakı-Qazax yoluna çıxıb və nəqliyyatın hərəkətinə maneə yaranıb.

Qurum rəhbərliyi, qəza briqada heyəti gecə saatlarından ərazidədir. Xüsusi texnikalar, su kənarlaşdıran bütün nasoslar əraziyə cəlb olunub. İlkin olaraq əraziyə dağılan suyun təmizlənməsinə çalışırıq. Ardınca isə baş verən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiriləcək”.

A.Cəbrayıllı qeyd edib ki, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb ediliblər. Suyu kənarlaşdırmaq üçün əraziyə FHN-in nasos qurğuları da cəlb olunacaq.