Ekspert: Bəzi hallarda məktəblərdə nəzarət sistemi yetərsiz olur

Bakıda dərsdən qaçmaq istəyi şagirdə baha başa gəlib, yıxılaraq ciddi xəsarətlar alıb.
Bakupost.az xəbər verir ki, hadisə Qaradağ rayonunda, 274 saylı məktəbdə baş verib.
Əldə etdiyimiz məlumata görə, 2008-ci il təvəllüdlü Aysel Abbasova (ad-soyad şərtidir-red.) dərsdən qaçarkən yıxılıb və sınıq xəsarətləri alıb. 
Hazırda onun xəstəxanaya yerləşdirildiyi və əməliyyata alındığı bildirilir.


Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, bəzi hallarda məktəblərdə nəzarət sistemi yetərsiz olur və şagirdlər məktəb binasından asanlıqla çıxmaq imkanı əldə edirlər:

“Nəticədə, qaçmaq istəyən şagirdlər təhlükəli vəziyyətlərə düşə bilirlər. Şagirdlərin dərsdən qaçma hallarının müxtəlif səbəbləri ola bilər. Bunu aydınlaşdırıb, çıxış yolları tapmaq lazımdır.
Şagirdlərin ailədaxili çətinliklər yaşadığı hallarda məktəbdə özlərini rahat hiss etməmələri mümkündür. Şagirdlər maraqsız dərslərdə və ya özlərini inkişaf etdirmədiklərini düşündükləri mövzularda dərsdən qaçmaq istəyir. Maraqlı və interaktiv dərslərin olmaması qaçma səbəblərindən biridir. İstənilən vəziyyətdə məktəb mühitini şagirdlərimiz üçün maraqlı və cəlbedici edə bilməsək onlar dərsdən qaçmaq istəyəcək. Bu kimi halların qarşısını almaq üçün məktəblərdə nəzarət sistemlərinin gücləndirilməsi və şagirdlər üçün maraqlı və faydalı tədris mühiti təmin edilməlidir. Şagirdlərlə yanaşı müəllimlər və valideynlərin də qarşılıqlı anlaşma və dəstəyi qaçış hadisələrini azaltmağa kömək edə bilər”.