Məktəblərdə şagird sayının az olması nə ilə bağlıdır?

Daha dərsdən çox qaçan yoxdur

“Əvvəllər ailələr minimum 3-4  uşaqlı idisə, indi bu say 1-2-dir. Şagird sayının azlığına gətirib çıxaran amil yeni doğulanların sayının azalmasıdır”


  Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. Bu barədə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev danışıb. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: “Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik”.
  Təhsil problemləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az"a açıqlamasında qeyd etdi ki,  4400-dən çox orta təhsil müəssisəsində 1 milyon 600 min şagird təhsil alır, bölgələr üzrə, respublikanın müxtəlif ucqar yerlərində isə şagird sayı olduqca azdır:

 "Elə məktəblər var, hətta ümumi şagird sayı 30-a çatmır. Belə olduğu halda, əlbəttə, tədbir alınmalıdır.  44 kənd məktəbində ümumilikdə 20-30 şagird təhsil alırsa, onları vahid məktəbdə birləşdirmək olar. Təbii ki, ilk növbədə nəqliyyat məsələsini həll etmək, məktəb servisi təşkil etməklə. Çünki kəndlər, məktəblər bir-birindən  xeyli aralı məsafədə ola bilir, bu halda şagirdlərin uzaq məsafələrə məktəbə gedib-gəlməsi problem yaradır. Amma nəqliyyat məsələsi, yol infrastrukturu düzələrsə, şagirdləri aparıb-gətirəcək avtobuslar olarsa, məktəbləri birləşdirmək mümkündür. Vahid məktəb də 150 şagirdin təhsil ala biləcəyi imkanlara sahib olmalıdır. Sinif otaqlarının sayı çox, hər bir şəraiti olmalıdır. Bu halda, bəli, bir neçə məktəb vahid bir məktəbdə birləşdirilə bilər". 
  Ekspert son illərdə şagird sayı azlığının başqa səbəblərdən qaynaqlandığını da dedi: 
"Bunu məktəbdən yayınma halları ilə əlaqələndirə bilmərik. Çünki son illərdə bu tendensiya xeyli azalıb. İstisna hallar  da çoxluq təşkil etmir. Hesab edirəm ki, səbəb ümumiyyətlə, ailələrdə uşaq sayının azlığıdır. Əvvəllər ailələr minimum 3-4  uşaqlı idisə, indi bu say 1-2-dir. Şagird sayının azlığına gətirib çıxaran amil yeni doğulanların sayının azalmasıdır. Bu da nəticədə şagird sayının azlığına gətirib çıxarır. 10 il əvvəl şagird sayı 150-130 min idisə, indi azalma müşahidə edilir. Bu şəraitdə rasionallaşma aparılmalıdır. Biz adambaşına maliyyələşməyə keçirik. Bir şagird üçün çəkilən xərc 8500 civarındadırsa və müəllim məktəbə 2 şagirdə dərs deməkdən ötrü gedirsə, dövlət ona əməkhaqqı ayırır, şagirdin təhsilinə də vəsait ayrılır. Uğurlu nəticə isə yoxdur.  Bəzən şagird IX sinifdə məktəbdən çıxır. Ümumtəhsil bazasından peşə məktəblərinə gedənlər də olur. Belədə dövlətdən orta təhsilə ayrılan vəsait təyinatı üzrə sərf olunmur.  Əgər dövlət xərc çəkirsə, bu yatırım dəyərləndirilməlidir. Bunun üçün də az şagird sayı olan məktəblər birləşdirilə bilər. Amma yaxın ərazidə olanları birləşdirmək lazımdır ki, bir neçə məntəqədən gələn uşaqlar vahid məntəqəyə gələ bilsin. Təhsilin müxtəlif pillələrində təhsil alanlarınsa eyni sinifdə təhsilə cəlb edilməsi doğru olmaz. 45 dəqiqəlik dərs saatını müəllim necə bölüşdürəcək, 20 dəqiqəni IV sinif şagirdlərinə ayıracaq, 25 dəqiqəni V sinif şagirdinə? Bu siniflərin tədris proqramı fərqlidir, onlar eyni sinifdə, eyni saat daxilində dərs keçə bilməz. Eyni təhsil pilləsində və eyni tədris proqramı üzrə təhsil alanlara eyni vaxtda dərs keçmək olar. Rasionallaşma zamanı bütün bu vacib məqamlar nəzərə alınmalıdır".