Orta məktəbi yarımçıq tərk edənlər üçün ikinci şans açılır - TƏHLİL

Ömürlük təhsil prinsipi əasasdır, 40-50 yaşında da ali məktəbə qəbul mümkündür

Ümumi orta və tam orta təhsil səviyyələrini müxtəlif səbəblərdən başa vura bilməmiş şəxslər üçün ekternat imtahanı keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib. İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq. Qeyd edilir ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Ekternat imtahanlarda iştirak kimlərə aiddir və belə bir imtahana zərurət varmı? 

Sualımızı cavablandıran təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov qeyd etdi ki, eksternat imtahanlarının keçirilməsi hansısa səbəblərdən ortaümumtəhsil bazasını və ya tam orta təhsili başa vurmamış şəxslər üçün keçrilir və burada məqsəd təhsilin əlçatanlığının təmin edilməsi, tam təhsil haqqında şəhadətnamə əldə etmək istəyənlərə imkan yaradılmasıdır: 

- Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında yaş məhdudiyyəti var. Belə ki bu təhsilalma formasında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır. Bilirsiz, bu qayda hələ sovetlər dönəmində bir qədər fərqli formada mövcud olub. Məsələn, əvvəllər də 5-ci sinifdə təhsil alan şagirdin əgər fitri istedadı var idisə, eksternat imtahanı keçirməklə onu bir pillə yuxarı sinfə, yəni 5-dən 6-ya yox, birbaşa 7-ci sinfə keçirirdilər. Amma indi eksternat sistemi bir az xarakterini dəyişib. Müəyyən səbəblərdən orta məktəbi bitirmək imkanı olmayan şagirdlərə bu imtahandan keçməklə gələcəkləri üçün şərait yaradılır. Digər bir məqamı da diqqətdən qaçırmaq olmaz. Təhsilin əsas prinsiplərindən biri də fasiləsizlik prinsipidir. Məsələn, ali məktəblərdə də tələbələrə müəyyən güzəştlər edilir. Kimsə ali məktəbin hansısa pilləsində müəyyən obyektiv-subyektiv səbəblərdən təhsilini yarımçıq qoyubsa, onlara öz təhsillərini davam etdirmələri üçün şans yaradılır. Bizim təhsil strategiyasında bu, ömürlük təhsil kimi öz ifadəsini tapıb. Deyək ki, əvvəllər ali təhsil almaq üçün müəyyən yaş məhdudiyyəti var idisə, indi o problem də aradan qaldırılıb. İnsanlara 40-50 yaşında da ali məktəbə, ikinci dəfə digər bir ali məktəbə və yaxud ikinci ixtisas seçmək üçün xüsusi imkanlar verilir. Əgər bir şəxs hər hansı bir səbəbdən 9-cu sinifdən məktəbdən ayrılıbsa, bu o demək deyil ki, o insan elə o məhdudiyyətdə qalmalıdır. Ona görə də həmin şagirdlər mövcud proqrama müvafiq olaraq imtahan verirlər. Və əgər müəyyən olunursa ki, həmin kurs həcmində materialı mənimsəyib, yenidən ikinci dəfə imtahan verməklə öz biliklərini doğrultmağa şans yaradılır. Təhsilin hamı üçün əlçatan olması, təhsildə fasiləsizlik prinsipinin həyata keçirilməsi baxımından çox müsbət addımdır. Amma şagirdin hansı səbəbdən təhsildən yayındığı da bilinməlidir. Təhsildən yayınma səbəbi əsaslandırılsa yaxşıdır.