Saqqız həqiqətən mədədə 7 il qalır? - İZAH

“Əgər saqqızı udsan, mədədə 7 il qalır” xəbərdarlığını uşaqlıqdan bəri çox adam eşidib. Amma müasir tibb bu barədə nə deyir? Saqqız həqiqətən bədəndə qalır, yoxsa söyləndiyi qədər zərərsizdir?

Saqqızın həzm olunmamasının əsas səbəbi tərkibindəki rezin maddələrdir. Bu maddələr sintetik polimerlər və qatranlardan ibarətdir və mədə fermentləri ilə parçalanmır.

Lakin bu, saqqızın mədədə qalacağı demək deyil. Bədən həzm edə bilmədiyi maddələri fərqli yollarla orqanizmdən xaric edir.

Saqqız udulduqda mədə onu digər qidalar kimi işlədir. Şəkər və ətir kimi həll oluna bilən hissələr həzm olunur, həzm olunmayan rezin maddələr isə bağırsaqlara keçir. Burada lifli qidalar kimi davranır və bir neçə gün ərzində təbii həzm prosesi ilə bədəndən xaric olunur.

“7 il” əfsanəsi haradan çıxıb?

Sherg.az xəbər verir ki, mütəxəssislərə görə bu iddianın elmi əsası yoxdur. Saqqızın illərlə mədədə qalması mümkün deyil. Həzm sistemi davamlı işləyən bir mexanizmdir və mədə tərkibini müntəzəm olaraq boşaldır. Bu əfsanə uşaqları saqqız udmamaq üçün qorxutmaq məqsədilə uydurulmuş ola bilər.

Hansı hallarda risk yarana bilər?

Sağlam insanlarda saqqızı udmaq adətən ciddi problem yaratmır. Lakin çox tez-tez və böyük miqdarda sakız udmaq, xüsusilə uşaqlarda nadir hallarda bağırsaq tıxanmasına səbəb ola bilər. Bu cür hallar istisna hesab olunur və gündəlik həyatda nadir rast gəlinir.

Ara-sıra saqqız udmaq təhlükəli deyil. Amma mütəxəssislər, həzm sisteminə əlavə yük düşməməsi üçün saqqızın udulmamasını tövsiyə edirlər. Xüsusilə kiçik uşaqlarda bu vərdiş riskli nəticələrə gətirib çıxara bilər.

Mənbə: Habertürk