Moskvada istintaqı gedən bir qrup azərbaycanlı tələbənin ekstremist şüar səsləndirmədiyi məlum olub

Rusiya İstintaq Komitəsi Moskvada yerləşən Rusiya Hökuməti yanında Maliyyə Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizmə dair heç bir sübut aşkar etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O bildirib ki, İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə “Yaşasın Azərbaycan!” şüarının əks etdirən videoyazıları araşdırıb.

"Gənclərin sözlərində ekstremist xarakterli çağırışlara rast gəlinməyib", - deyə Petrenko bildirib.

Onun sözlərinə görə, əcnəbi tələbələrin qanunsuz hərəkətlərə yol vermədiyinə görə istintaq müvafiq prosessual qərar verəcək.

Qeyd edək ki, noyabrın 16-da Teleqramda Moskva Maliyyə və Hüquq Universitetində Azərbaycan bayraqlı gənclərin qanunsuz şüarlar səsləndirdiyi iddia edilən video yayılıb. Rusiyanın millətçi Teleqram kanalları azərbaycanlı gənclərin guya "Allahu əkbər", "Rusları qırın" şüarları səsləndirmələri barədə feyk məlumatlar yayıblar. Feyk informasiya sürətlə sosial şəbəkələrin Rusiya seqmentində və yerli mediada yayılmağa başlayıb. İstintaq Komitəsi terror fəaliyyətinə açıq çağırışlar maddəsi ilə cinayət işi açıb.

Lakin məlum olub ki, hadisə noyabrın 14-də Rusiya hökuməti yanında Maliyyə Universitetində baş verib. Belə ki, təhsil ocağında "Mənim vətənim: böyük və kiçik" adlı festival keçirilib. Festival bitəndən sonra Moskva Maliyyə və Hüquq Universitetinin tələbələri əllərində Azərbaycan bayraqları “Yaşasın Azərbaycan” şüarları qışqıraraq universitetin pilləkənlərindən düşüblər. Bu zaman onların bu hərəkəti videoya çəkilib. İki gün sonra noyabrın 16-da həmin videogörüntü sosial şəbəkələrdə yayılmağa başlayıb. Millətçi Teleqram kanalları guya azərbaycanlı gənclərin ekstremist şüarlar səsləndirdiklərini iddia ediblər.