Rusiya-Ukrayna müharibəsi illərdir davam edən diplomatik danışıqlara və çoxsaylı beynəlxalq təşəbbüslərə baxmayaraq hələ də həllini tapmayıb. Bununla belə, yanvarın 23-24-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli görüşlər, münaqişənin nizamlanacağına dair ümidləri bir qədər artırıb. Birləşmiş Ərəb Əmirliklərinin mətbuat xidmətinin yaydığı bəyanata görə, görüşlər müsbət atmosferdə baş tutub. Danışıqlar zamanı ABŞ-nin irəli sürdüyü sülh tənzimlənməsi planının hələ də razılaşdırılmamış elementləri müzakirə olunub. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, aparılan müzakirələrdən sonra bütün tərəflər danışıqların nəticələri ilə bağlı öz paytaxtlarında hesabat verəcək və növbəti addımları, dövlət başçıları səviyyəsində razılaşdıracaqlar. Üçtərəfli danışıqların əsas diqqət mərkəzində isə Ukraynanın şərqində yerləşən Donbas bölgəsinin gələcəyi dayanır. Lakin rəsmi Moskvanın mövqeyi Ukraynanın optimist yanaşması ilə ziddiyyət təşkil edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yazılı açıqlamasında Ukraynanın, Xerson vilayətində təcili tibbi yardım avtomobilinə zərbə endirdiyini bildirib. Onun sözlərinə görə, hücum nəticəsində avtomobildə olan üç tibb işçisi həlak olub. Zaxarova hadisənin məhz Əbu-Dabidə danışıqların aparıldığı vaxt baş verdiyinə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti hücumu qınamağa çağırıb. Növbəti üçtərəfli görüşün fevralın 3-də keçirilməsi gözlənilir. Danışıqlar davam edərkən tərəflərin, xüsusilə Rusiyanın hərbi əməliyyatları dayandırmaması, bu görüşlərin davamlı nəticə verib-verməyəcəyini ciddi sual altına alır.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, keçirilən üçtərəfli görüşlər, Rusiya-Ukrayna müharibəsinin gedişində mühüm diplomatik mərhələ kimi qiymətləndirilə bilər:

“Müharibənin beşinci ilinə daxil olduğu bir vaxtda tərəflərin eyni masa arxasında toplaşması, dərhal nəticə verməsə də, münaqişənin hərbi yox, siyasi müstəviyə daşınması baxımından əhəmiyyətlidir. Qısa perspektivdə tam sülh razılaşması ehtimalı hələ aşağıdır deyə bilərik. Tərəflərin ərazi məsələsindəki mövqeləri, hələ də kəskin şəkildə fərqlənir. Ukrayna rəsmi olaraq 1991-ci il sərhədlərinin toxunulmazlığını əsas prinsip kimi qoruyur və hər hansı ərazi güzəştini siyasi cəhətdən qəbuledilməz sayır. Bununla yanaşı, müharibənin uzunmüddətli xarakter alması, insan və resurs itkisi Kiyevi daha çevik, lakin açıq şəkildə bəyan olunmayan variantlar üzərində düşünməyə məcbur edir. De-fakto nəzarət xətlərinin müvəqqəti qəbul edilməsi və ərazi statusunun gələcək danışıqlara saxlanması bu kontekstdə mümkün ssenarilərdən biridir. Başqa sözlə, Ukrayna tərəfi hazırda Rusiya işğalı altında olan ərazilərin faktiki olaraq Rusiyanın nəzarətində qalmasına razılıq verə, status məsələsini isə sonraya saxlaya bilər”.
Politoloqun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar və dərinləşən siyasi təcrid, Kremlin maksimalist hədəflərini yenidən nəzərdən keçirməsinə səbəb olacaq:
“Rusiya üçün də vəziyyət birmənalı deyil. Moskva Krım və Donbas bölgələrində mövqelərini qorumağı strateji prioritet hesab edir. Lakin beynəlxalq təcrid, sanksiyalar və iqtisadi yüklər Kremlin maksimalist hədəflərini yenidən nəzərdən keçirməsinə səbəb olur. Əgər əvvəl rəsmi Moskva Donbas ərazisini Rusiya torpağı kimi tanımaqda israr edirdisə, indiki şəraitdə Rusiya üçün əsas məqsəd ərazilərin beynəlxalq tanınmasından çox, faktiki nəzarətin saxlanması və təhlükəsizlik zəmanətlərinin qorunması ola bilər. Bu isə onu məcburi də olsa “status-kvo”ya əsaslanan kompromis modellərə daha açıq edir. ABŞ və Qərb üçün də prinsip etibarilə əsas prioritet müharibənin genişlənməsinin qarşısını almaqdır. Bu baxımdan Əbu-Dabi danışıqları tərəflər üçün praqmatik yanaşma tələb edir. Müşahidələr göstərir ki, “dondurulmuş münaqişə” modeli artıq Qərb diplomatiyasında real alternativ kimi formalaşır. Çünki Avropa özü də davamlı maliyyə xərcləri səbəbilə müəyyən çətinliklərlə üzləşib”.
R.Bayramov hesab edir ki, müharibənin dayandırılması üçün əsas şərt Donbasın Rusiya ərazisi kimi tanınması tələbindən imtina edilməsidir:
“Ümumiləşdirərək demək olar ki, Əbu-Dabi görüşləri müharibəni dərhal sona çatdıracaq mexanizm deyil. Bununla belə, bu danışıqlar münaqişənin tamamilə hərbi yolla həllinin mümkün olmadığı fikrini legitimləşdirir və tərəflər üçün kompromisin zəruriliyini ön plana çıxarır. Prinsip etibarilə Kreml Donbasın Rusiya ərazisi kimi tanınmasında israr etmədiyi təqdirdə, müharibənin dayandırılması mümkündür. Çünki digər məsələlər üzrə tərəflərin ortaq məxrəcə gəlmək ehtimalları mövcuddur. Ən real ssenari atəşkəsin əldə olunması, mövcud nəzarət xətlərinin müvəqqəti qorunması və ərazi məsələsinin gələcək mərhələlərə ötürülməsidir. Bu yanaşma ideal sülh modeli olmasa da, uzunmüddətli müharibədən çıxış üçün real addım kimi qiymətləndirilə bilər”.
Aybəniz Səfərova