II Yelizaveta haqqında illər sonra belə təəccübləndirən faktlar

Kraliça II Yelizaveta, əslində hökmranlıq etməli olmayan biri idi, lakin sonradan Böyük Britaniya tarixində ən uzun müddət taxtda qalan monarxa çevrilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 21-də onun 100 yaşı tamam ola bilərdi. Bir dövrün simvoluna çevrilmiş monarx bu yubileyə bir neçə il qalmış 2022-ci ildə, 70 ildən çox hakimiyyətdən sonra vəfat edib.

II Yelizaveta Böyük Britaniya tarixində ən uzun müddət hökmranlıq edən monarx kimi tarixə düşüb. Lakin o, əvvəlcə taxta çıxmalı deyildi. Onun tac yolu əmisi VIII Eduardın boşanmış qadınla evlənmək üçün taxtdan imtina etməsindən sonra açılıb. Bundan sonra onun atası, York hersoqu VI Corc kral olub və Yelizaveta isə taxtın əsas varisinə çevrilib.

1952-ci ildə VI Corc vəfat edəndə Yelizaveta həyat yoldaşı Filip ilə birlikdə Keniyada olub. Bu, tarixdə nadir hallardan biri idi ki, yeni monarx taxta çıxdığını ölkədən kənarda öyrənib. Bir il sonra onun tacqoyma mərasimi keçirilib və bu mərasim ilk dəfə olaraq bütün dünyaya yayımlanıb.

Hakimiyyəti dövründə II Yelizaveta 15 Böyük Britaniya baş nazirinin, 16 ABŞ prezidentinin və 7 Roma Papasının dəyişməsinin şahidi olub. Məhz onun dövründə ölkəyə ilk dəfə qadın baş nazir Marqaret Tetçer rəhbərlik edib.

2015-ci ildə o, ulu nənəsi Viktoriyanın rekordunu qıraraq ölkə tarixində ən uzun müddət hakimiyyətdə olan monarx olub. 2022-ci ildə isə taxtda olmasının 70 illiyini qeyd edib.

Onun ictimai obrazı da həmişə diqqət mərkəzində olub. 2012-ci ildə London 2012 Yay Olimpiya Oyunları öncəsi çəkilmiş qısa filmdə Ceyms Bond obrazı ilə birlikdə iştirak etməsi açılış mərasiminin ən yadda qalan anlarından biri olub. Ömrünün son illərində kraliçanın səhhəti ciddi şəkildə pisləşib. Sonradan məlum olub ki, ölüm səbəbi sümük iliyinin xərçəngi olub. Diaqnoz Filipin 2021-ci ildə vəfatından bir neçə ay sonra qoyulub.

Xəstəliyinə baxmayaraq, II Yelizaveta ölümündən az əvvəl mühüm dövlət işlərini tamamlaybı və yeni baş naziri təyin edib. O, 2022-ci ilin sentyabrında vəfat edib və kral VI Corcun Memorial Şapelində dəfn olunub. Onun irsi müasir Britaniya tarixinin ən önəmli səhifələrindən biri kimi yadda qalıb.