Tanınmış hüquqşunas: Alimenti ödəməyən şəxslərə güzəşt tətbiq edilmir

2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət kimitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu həm də alimentin minimum məbləği deməkdir.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda qeyd edib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki,alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.


Tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov “Sherg.az”a bildirib ki, alimenti ödəməyən şəxslərə güzəşt tətbiq edilmir:

“Ən minimal alimentdir bu. Hər uşağa görə ödənişi 400 manat etsələr böyük çətinliklər yaranar. Yəni boşanma ciddi problemə çata bilər və cəmiyyəti daha da kriminallaşdırar. Digər tərəfdən bilirik ki, bəzi ailələrin maddi imkanı və sosial durumu yaxşı olmadığı üçün boşanırlar. Yəni həmin şəxsin imkanı olsaydı ailəsinə, uşağına baxardı və heç bir söz-söhbət yaranmazdı. Bir sözlə minimum əmək haqqı alan şəxs boşandıqdan sonra iki övladına aliment ödəyə bilmir. Qanunda göstərilir ki, bir uşağa görə 4 də 1 , iki uşağa görə 4 də 2, üç  və daha artıq uşağa isə qazxancın yarısı ödənilir. Əgər rəsmi iş yeri və digər qazancı yoxdursa, ödəyəcəyi aliment 240 manatdan aşağı olmamalıdır. Əgər şəxs 400-500 manat maaş alırsa və bir uşağa 240 manat aliment ödəyirsə, bunun bir hissəsi maaşdan tutulacaq, digər hissəsi isə verilməyən borc kimi qeydə alınacaq. Alimenti ödəməkdən qaçan şəxslər isə həm İnzibati məsuliyyətə (528 maddə), həm də məhkəmə qərarının qətnaməsini icra etmədiyinə görə cinayət məsuliyyətinə (306 maddə) cəlb olunur. Hətta onlara 3 ilə kimi azadlıqdan məhrum etmə və digər cəza növləri də tətbiq olunur”.