Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində su basmış yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədir.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika, 21 motopompa və 116 nəfərdən ibarət şəxsi heyəti suçəkmə və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işlərinə cəlb olunub.
12:11
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Bununla bağlı FHN məlumat yayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.
Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.
11:52
Baş nazirin müavini Şahin Mustafayev Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza yerinə gəlib.
Oxu.Az hadisə yerindəki son vəziyyəti təqdim edir:
10:44
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir etməyib.
Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırda bu istiqamət üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir:
“Digər magistral xətt üzrə dayanıqlı və fasiləsiz su təminatı təmin edilir”.
10:27
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Oxu.Az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:
“Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur”.