“POLAD” dron yarışların qalibidir

44 günlük Vətən Savaşı zamanı leksikonumuzda ən çox işlənən sözlərdən biri də PUA (pilotsuz uçuş aparatı-dron) oldu, çünkü düşmənin hərbi texnikasını məhv edən və onu məğlubiyyətə uğradan əsasən bu texniki vasitə idi. Elə bu səbəbdən də Türkiyənin məşhur PUA yaradıcısı və istehsalçısı,“Baykar” şirkətinin sahibi Səlcuq Bayraqdarın adı dillər əzbəri oldu və hər kəs onu daha çox sevdi. O zaman mən də Azərbaycanda belə istedadlı gənclərin olmasını hər şeydən çox istədim.  


 
Bu günkü mənzərə isə qürurvericidir, Türkiyənin Yıldız Texniki Universitenin azərbaycanlı tələbələri dron aparatı icad ediblr və Şəhid generalımız Polad Həşimovun əziz xatirəsinə onu “Polad” adlandırıblar. Bu istedadlı gənclərlə ilk dəfə bu ilin iyun ayında “Palmalı” Şirkətlər Qrupunun sahibi, iş adamı Mübariz Mənsimovun Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə təqaüd verilməsi məqsədilə düzənlənən sertifikat təqdimatı proqramında tanış olmuşdum. Həmin tədbirdə onların pilotsuz uçuş aparatı-dron təqdimatını böyük maraq və heyranlıqla dinləmişdim, orada məlum oldu ki, bu istedadlı gənclərin də maddi dəstəkçisi məhz Mübariz Mənsimovdur. 


 
Və aradan keçən 4 aydan sonra Azərbaycanın qüruru olan bu yaradıcı gənclərimizi İstanbuldakı Şəhid Mübariz İbrahimov adına məktəbə dəvət etdik, həm məktəbin şagirdləri gənclərlə və onların möhtəşəm əsəri olan dronla tanış oldular, həm də bizim yaxından tanış olub, geniş söhbət etmək imkanımız oldu.
Komandanın kapitanı Davud Süleymanov və üzvlərdən Əmiraslan Muradov bütün heyəti təmsilən gəlmişdilər, fəaliyyətləri ilə bağlı söhbətə lap başdan başladıq:
- Zəhmət olmasa özünüz haqqında oxucularımıza bilgi verərdiz
- Davud Süleymanov  - 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Bakıda bitirmişəm, hal hazırda Yıldız Texniki Universitenin “Elektronik və Xəbərləşmə Mühəndisliyi” fakultəsinin 4-cü kurs tələbəsiyəm. 
Əmiraslan Muradov  - 2002-ci ildə Bakı şəhərində anadan olmuşam, mən də həmin Universitetin eyni fakultəsində 2 ci kurs tələbəsiyəm. 



- Siz pilotsuz uçuş aparatı düzəldərək Teknofest yarışmalarına qatılırsız, bu istək necə yarandı?
- Davud – mənim hələ uşaq vaxtımdam texnikaya böyük həvəsim olub, demirəm bütün dərslərdən əlaçı olmuşam, amma dəqiq elmlərə həmişə böyük həvəsim olub. Balaca olanda kartondaan, taxtadan təyyarə, tank, silah düzəldirdim, Əmiraslan əlavə edir – uşaq vaxtı oyuncaqları söküb, onları necə quraşdırdıqlarını öyrənməyə çalışırdım, beləcə bu marağım gedərək artmağa başladı. 
Davud da, Əmiaslan da hələ orta məktəb illərindən xəyallarının məhz Türkiyənin Yıldız Texniki Universitetində təhsil almaları olduğunu bildirdilər. 
- Bu gün arzularınız reallığa çevrilir, icad etdiyiniz dronla hətta Teknofest yarışlarına və festivallarına da qatılırsız. Bununla bağlı nələr deyə bilərsiz?
- Əmiraslan Muradov: əvvəla qardaş ölkə olsa da, xaricdə təhsil alan azərbaycanlı tələbələrik və bir məqsəd üçün çalışırıq. Doğrudur, müharibə bitib, amma bizim erməni kimi mənfur düşmənimiz var və hər birimizin qohum əqrabasında Şəhid olanlar var. Biləndə ki, bizim gördüyünüz iş vətənimiz, millətimiz üçün çox faydalı olacaq və ölkəmizi dünyada tanıdacaq, bununla yalnız qürur duyuruq. 
- Davud Süleymaniv: Əvvəla onu deyim ki, mən 2020-ci il Qaziantep şəhərində “İnsansız sualtı dron” kateqoriyasında keçirilən Teknofest yarışmasına bir Türkiyə komandasının tərkibində qatılmışam və həmin yarışmada məndən müsahibə götürmüşdülər, mən orada öz gələcək arzularımdam danışmışdım. Səlcuq Bayraqdar həmin müsahibəmi özünün insteqram və tvitter səhifəsində paylaşmışdı, ondan sonra Azərbaycan mediyası mənimlə maraqlanmağa başladı. 2022-ci ildə Teknofest Azərbaycanda keçiriləndə, biz də qatıldıq, orada təkrar Səlcuq Bayraqdarla qarşılaşdım, o məni tanıdı və dedi ki, sənin o müsahibəni cənab prezient İlham Əliyevə də göstərmişəm. 
Daha sonra biz komanda yaratmaq qərarına gəldik və 2022-ci ilin fevral ayında 8 nəfərlə “Dronex” komandasını yaratdıq, üzvlərdən 6-sı Azərbaycan, 2-si isə Türkiyə vətəndaşıdır, hamısı da bizim universitetin tələbəlridir. Komandanı yaradarkən məqsədimiz çətin müharibə şəraitində əsgərlərə yardım edə bilən, düşmən hədəflərinə qarşı döyüşə girə biləcək bir don hazırlamaq idi. Bu məqsədlə hazırladığımız dronla ilk dəfə 2022-ci ilin may aylnda Azərbaycanda keçirilən Teknofest yarışmasına qatıldıq. Üç aylıq qısa bir zamanda bu layihə üzərində gərgin çalışmalar nəticəsində bu dronu hazırladıq və Azərbaycanın milli qəhrəmanı, Şəhid generalımız Polad Həşimovun əziz xatirəsinə onu “Polad”adlandırdıq. Teknofestin Azərbaycanda keçirilən yarışmasına Türkiyədə təhsil alan azərbaycanlı tələbələr olaraq  qatıldıq, iştirak edən 14  komandadan biri idik və 4 yeri qazandıq. Onu da deyim ki, bu robotu hazırlamaq üçün büdcəmiz yox idi və cəmi 2 həftə vaxtımız qalmışdı, biz layihəmizlə bağlı bir çox yerə müraciətlər etmişdik, lakin müraciətimizə ən qısa zamanda müsbət cavab verən “Palmalı” Şirkətlər Qrupu oldu. İş adamı Mübariz Mənsimov şəxsən özü bizi qəbul etdi, layihəmizlə tanış oldu, çox bəyəndi və bizə maddi dəstək verdi. Bu dəstək sayəsində biz 2 həftə içində bu robotu hazırlayıb, Teknofest yarışmasına qatıldıq. Onu da qeyd edim ki, istedadlı gənclərə hər zaman dəstək olan Mübariz Mənsimov bizə həm də təqaüd təsis edib, buna görə də komandamız adından ona bir daha təşəkkür etmək istəyirəm. Biz onun dəstəyi sayəsində həm də daha çox tanındıq, bir çox Azərbaycan və Türkiyə mediyası bizimlə marqlandı, müxtəlif müsahibələr götürdülər.


 
Biz Azərbaycanda Teknofest yarışmasında iştirak edəndə hər kəs bizimlə maraqlanırdı, bizim stend heç boş qalmırdı, daha çox gənclər toplaşırdı, bəzən elə olurdu fasiləsiz 6-7 saat danışıb, bilgi verməli olurduq və yorulurduq, amma özümüzü çox xoşbəxt hiss edirdik.
Daha sonra biz Avqust ayında Türkiyədə keçirilən Teknofest yarışmasında və festivalında iştirak etdik. Türkiyənin Kütahya şəhərində “Beynəlxalq sərbəst görəv insansız hava aracı” kateqoriyasında keçirilən yarışmada dünyanın müxtəlif ölkələrindən olmaqla 96 komanda iştirak edirdi və biz bu yarışmanın üçüncüsü olduq. Bu da yenə çox qısa bir zaman idi, biz 3 ayın içində dronumuzu daha da təkmilləşdirdik. 
Daha sonra Samsun şəhərində keçirilən Teknofest festivalında iştirak etdik, orada da bizim mükafatlarımızı Səlcuq Bayraqdar özü təqdim etdi.
- Səlcuq Bayraqdarla çalışmaq arzunuz varmı?
- Biz ona “Səlcuq abi” deyirik, Səlcuq abi Azərbaycandakı 44 günlük Vətən Savaşında imzası olan önəmli şəxsiyyətdir, əlbəttə ki, onunla birgə layihədə çalışmaq bizim üçün çox qürurverici olar.
- Gələcək planlarınız haqqında qısaca danışardız
- Əmiraslan Muradov: Önümüzdəki ilin Mart ayında Türkiyədə keçiriləcək yarışmaya silahlı dron və yayda Amerikada keçiriləcık yarışmaaya isə karqo dronu hazırlayaraq qatılmaq istəyirik, bunun üçün gecə-gündüz çalışırıq, arzumuz birinci yeri qazanmaq və Azərbaycanı bütün dünyada tanıtmaqdır. Döğrudur, Amerikadakı yarışa qatılmaq böyük maliyyə tələb edir, amma ümid edirik ki, biz bütün bu maneələri aşacayıq.
Mübariz İbrahimov adına məktəbdə şagirdlərlə keçirilən görüşdə Davud və Əmiraslan çəkisi 8 kiloqram olan dronun tək-tək parçalarını, işləmə mexanizmini -  150 metr yüksəklikdə və maksimum 30 km sürətlə küləyə qarşı 10 km məsafəyə qədər (test edilmiş) çalışdığını, robotun düşmən texnıkasıyla öz texnikamızı necə ayırd edə bildiyini, təhlükəli məqam yarandığında “geri dön” əmri verildiyi zaman qurğunun  geri döndüyünü və başqa nüasları üzah etdilər. Məktəblilər isə böyük həvəslə onları maraqlandıran sualların gənclər tərəfindən cavanlandırılması və dronla yaxından təmas qurmanın məmnuniyyəti içində bu görüşdən çox xoş təəssüratlarla ayrıldılar. Davud və Əmiraslan şagirdlərimizin məntiqli suallarını xüsusi qeyd etdilər.
Yenilik yaratmaq və bu yenilikə vətəninə, millətinə faydalı olmaq böyük şərəfdir. Bu şərəfli yolda gənclərimizə uğurlar diləyirik!

Yaqut Misirxanlı,
İstanbuldan xüsusilə “Şərq” qəzeti üçün