“Formula 1” Azərbaycan Qran-prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edilib.
Əməliyyat şirkətindən Oxu.Az-a verilən məlumata görə, yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub.
Bildirilib ki, son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam etdirəcək:
"Ölkənin bir sıra mötəbər idman tədbirlərinin təşkilində zəngin təcrübəyə malik olan Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunmaqla bu təcrübəni özü ilə BŞH-yə gətirir. M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışmış, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda keçirilmiş 2017 İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il “Formula 1” Azərbaycan Qran-prisinin təşkilat komitəsində fəal iştirak etməklə bu kimi irimiqyaslı idman tədbirlərinə öz töhfəsini verib. O, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak edib”.
Sözügedən təyinatla bağlı danışan Arif Rəhimov bildirib ki, Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb:
“Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstək göstərməyə hazıram”.
Öz növbəsində, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün heyəti Arif Rəhimova gələcək fəaliyyətində uğurlar arzulayıb.Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran-prisi 28-30 apreldə təşkil olunacaq.
Xatırladaq ki, A.Rəhimov mərhum nazir Azad Rəhimovun oğludur.