FHN-in kikboksçuları uğurlu nəticələrə imza atıblar - FOTO

15-16 oktyabr 2022-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə gənclər, yeniyetmələr və kişilər arasında açıq turnir keçirilib.
Turnirdə 33 komandadan 200-ə yaxın idmançı kikboksinqin “full contact” və “low kick” növləri üzrə mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin kikboksinq üzrə kişilərdən ibarət yığma komandasının üzvləri məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, yarışda kikboksun “low kick” növündə 67 kq çəki dərəcəsində komandanın üzvü Eyvaz Əliyev, 86 kq çəki dərəcələrində isə İdman-sağlamlıq klubunun əməkdaşı, çavuş Hüseyn Mirzəyev və FHN Akademiyasının kursantı İlqar Zeynallı peşəkar kikboksçular arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər. Qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal və diplomları təqdim olunub.
18 oktyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, yarışda uğur qazanmış idmançılar respublika çempionatında çıxış edəcəklər.