Vətən müharibəsinin ağxalatlı qəhrəmanı - VİDEO

Vətən müharibəsində əsgər və zabitlərimizlə çiyin-çiyinə tibb işçilərimiz də iştirak ediblər. Yüzlərlə insanın həyatını xilas edən qəhrəmanlarımız bəzən öz işlərini həyatları bahasına görüblər.

Şəhadətə ucalan ağxalatlı qəhrəmanlarımızdan biri də tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevdir. Bu müharibədə Adil həm həkim, həm zabit, həm də döyüşçü kimi iştirak edib. Xüsusi təyinatlılarımızla bir cərgədə hərəkət edən şəhid həkimimiz elə döyüş meydanında yaralı komandirini xilas edərkən, şəhadətə ucalıb. 

Bu gün Əfəndiyevlər ailəsində yeni bir Adil böyüyür. Bacısı övladının adını Adil qoyaraq, şəhid qardaşının qoxusunu ondan almağa çalışır.

Adil uşaqlıqdan vətənpərvər böyüyüb. Bəlkə də o səbəbdən hərbi həkim olmaq qərarına gəlib. Onun vətənpərvər böyüməsində müəllimi olan anasının da zəhməti çox olub.

“Adilə 5 il orta məktəbdə dərs demişəm, hazırlaşdırmışam. O, məktəbdə də mənə ana kimi yox, bir müəllim kimi yanaşıb. Evdə də, məktəbdə də həmişə seçilən olub”, - deyə şəhid anası Afət Əhmədova deyib.

Adil anasına çox bağlı olub. Onun yoxluğuna dözə bilməyəcəyini fikirləşərək, döyüşlərə qatıldığını anasına deməyib. Bu haqda atası və əmisinin xəbəri olub.

Adil hərbi əməliyyatlara xüsusi təyinatlıların tərkibində xüsusi təyinatlı həkim kimi başlayıb. Bir neçə yüksəkliyin azad edilməsində iştirak edib. Oktyabrın 21-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüşlərdə yaralanan Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevə tibbi yardım göstərərkən yanlarına atılan əl qumbarası nəticəsində şəhid olublar. Ailəsi üçün onun yoxluğu nə qədər ağır olsa da, eyni zamanda fəxr etdiklərini deyirlər.

Adil Əfəndiyev Qazax rayonunda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: