Dövlət Turizm Agentliyinin rəsmisi ICOMOS Baş Assambleyasının həmsədri seçilib

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Baş Assambleyasının həmsədri seçilib.

Oxu.Az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, təşkilatın 25-31 oktyabrda Tailandın paytaxtı Banqkokda keçiriləcək Baş Assambleyasında ICOMOS Azərbaycan Milli Komitəsi ilk dəfə həmsədr qismində iştirak edəcək. ICOMOS-un prezidenti xanım Teresa Patricionun sədrliyi ilə baş tutacaq Assambleyaya Azərbaycanla yanaşı ICOMOS-un Avstraliya Milli Komitəsi həmsədrlik edəcək.

Maddi-mədəni irsin qorunması üzrə dünyada nüfuzlu beynəlxalq təşkilat olan və baş qərargahı Fransanın Paris şəhərində yerləşən ICOMOS-un Baş Assambleyası qurumun illik keçirilən əhəmiyyətli tədbiri hesab olunur. ICOMOS-un Baş Assambleyasının iclasında təşkilatın gələcək fəaliyyət istiqamətləri, yeni xartiyaların qəbulu, milli komitələrin fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq.

1965-ci ildə təsis edilən ICOMOS maddi-mədəni irsin qorunması, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində ixtisaslaşmış dünya miqyaslı qeyri-hökumət təşkilatıdır. UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 153 ölkədən 10 mindən çox mütəxəssis üzvü özündə birləşdirir.

ICOMOS Azərbaycan Milli Komitəsi ötən il Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə fəaliyyətə başlayıb.