Ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“ASAN xidmət”dən Oxu.Az-a verilən məlumata görə, qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonağa, həmçinin, Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, “ABAD” publik hüquqi şəxsin nailiyyətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək 57 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Qonaq “ASAN xidmət” modelinin və Dövlət Agentliyi tərəfindən elektron hökumət sahəsində görülən işlərin onda böyük təəssürat yaratdığını vurğulayıb.
Nümayəndə heyəti Elektron Hökumətin İnkişafı Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.