Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Donetsk vilayətində qalan soydaşlarımızla ünsiyyətdə olub.
Məlum olub ki, vilayətin Pokrovsk, Kramatorsk, Toretsk, Konstantinovka, Baxmut və digər rayonlarında olan azərbaycanlılar müharibə şəraitinin olmasına baxmayaraq, nəinki öz evlərini tərk etməyiblər, hətta onların arasında tibb, polis və hərbi sahədə bu günə kimi çalışanlar da var.
Belə soydaşlarımızdan biri də cəbhə xəttindəki Toretsk Şəhər Polis İdarəsinin müstəntiqi, mayor Namiq Dünyamalıyevdir.
O, şəhərə hər gün hücumların olduğunu qeyd edib.
Səyyar və Nicat Həşimov qardaşları hələ SSRİ dövründən burada yaşayırlar. Uzun müddətdir bizneslə məşğul olan qardaşların demək olar ki, bütün obyektləri Rusiya ordusunun endirdiyi raket zəbələri nəticəsində dağıdılıb.
Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, azərbaycanlılar etnik cəhətdən zəngin olan Donetskdə çox fəaldırlar.
“Ukraynanın digər vilayətlərində olduğu kimi, Donetskdə də kifayət qədər çoxmillətli şəhərimiz var. Azərbaycanlılar müharibə müddətində nəinki buraları tərk etməyiblər, hətta öz ikinci vətənlərini müdafiə etməyə qalxıblar. Ukrayna onun uğrunda döyüşən vətənpərvərlərə həmişə minnətdar olacaq”, - deyə P. Kirilenko əlavə edib.
Onu da qeyd edək ki, Donetsk Ukraynada müharibə başlayandan enerji böhranından ən çox zərər çəkən vilayətlərdən biridir.
Ətraflı videonu təqdim edirik: