Oktyabrın 25-də “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.Layihə Elm və Təhsil Nazirliyi (ETN) ilə "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən gerçəkləşir. Əsas məqsəd "İnformatika" fənninin tədrisinin təkmilləşdirilməsi və tədris prosesində yeni yanaşmanın tətbiqidir.
“Rəqəmsal bacarıqlar” layihəsi hazırda 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 2-9-cu siniflər olmaqla 300 min şagirdi və 3000-dək müəllimi əhatə edir. Ötən ildən etibarən şagirdlərin informasiya texnologiyaları peşələrinə hazırlanması, veb-tərtibat, 3-D modelləşdirmə, kodlaşdırma, sistemlərin avtomatlaşdırması, “Smart city”, robototexnika, həmçinin “Scratch” və “Python” proqramlaşdırma dilləri üzrə dərin biliklərin aşılanması və praktik tətbiqi məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül 10-11-ci sinifləri yaradılıb. Ötən tədris ili pilot 11 məktəbdə 300-dən çox şagird təkmilləşdirilmiş proqram üzrə informatika təmayüllü tədrisə cəlb olunubsa, bu rəqəm 2022-2023-cü tədris ilindən 20 məktəbdə 720 şagirdə çatıb.
"Rəqəmsal bacarıqlar" layihəsini "Sherg.az"a dəyərləndirən Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüzün qənaətincə, elmi-texniki biliklərinin eləcə də , robotexnika və rəqəmsal bacarıqların inkişafı, ümumiyyətlə informatikanın tədrisinin yaxşılaşdırılması sahəsində ETN-nin səyləri təqdirə layiqdir. Lakin hələ də bu layihənin mahiyyəti və uğurları qaranlıq qalıb:
"Layihənin əhəmiyyəti barədə Rusiyaya məxsus "Alqoritmika" şirkətinin öz ölkəsindəki və digər ölkələrdəki təhsil yönümlü fəaliyyəti ilə bağlı müxtəlif ziddiyyətli fikirlər mövcud olub.
Layihə çərçivəsində hazırlanan resurslar və əldə olunan konkret uğurlar haqında indiyədək müvafiq məlumatlarla qarşılaşmamışam.
Həmçinin layihə çərçivəsində maraqlı tərəflərin iştirakı ilə hansısa bir ictimai müzakirə də təşkil edilməyib.
Bu il "informatika" ilə bağlı ölkədə yeni mühit formalaşıb.
Artıq "İnformasiya Texnologiyaları" ( İT ) ixtisası seçənlər "kimya" fənnindən yox, "informatika"dan qəbul imtahanı verəcəklər.
Qarşıdakı mərhələdə "informatika"nın tədrisi ilə əlaqədar vəziyyəti qiymətləndirməkdən ötrü daha real və güvənli data formalaşacaq .
DİM "informatika"dan qəbul imtahanları zamanı "Rəqəmsal bacarıqların" kontentini deyil, dərsliklərini nəzərdə tutacağını açıqlayıb.
Ümid edirəm, ETN layihə, konkret uğurlar və resurslarla bağlı ətraflı və ağlabatan açıqlamalar verəcək, maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələr təşkil edəcək.
Yeri gəlmişkən, ötən həftə robototexnika sahəsində daha bir beynəlxalq olimpiada başa çatıb.
Bu il 13-16 oktyabr tarixlərdə Cenevrədə təşkil olunan " FIRST Global Challenge" olimpiadası robotların yaradılması və proqramlaşdırma sahəsində olimpiada tipli beynəlxalq yarışmadır. Yrışmada 180 ölkə iştirak edib. o cümlədən Azərbaycan da yarışmaya qatılıb.
Təəssüf, komandamız sözügedən yarışmada uğur qazana bilməyib".