"Müraciətlərin çox olması məişət zorakılığı ilə bağlı cavab tədbirlərinin görülməsi ilə əlaqəlidir. Cavab tədbiri görülməsəydi, müraciətlər də azalardı. Deməli, əhali zorakılıq barədə yaxşı məlumatlanır".
Bunu "Sherg.az"a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova son vaxtlar Azərbaycanda məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayının artmasına münasibət bildirərkən deyib.
M.Zeynalovanın qənaətincə, polisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin çevik reaksiyası, Baş Prokurorluq, İcra Hakimiyyəti, Bələdiyyələrin aktiv fəalliyətə qoşulması onu göstərir ki, cavab tədbirləri görülür:
"Bu insanların köməksiz qalmayacağının və müraciətlərə baxılacağının göstəricisidir. Qurumlararası qarşılıqlı əməkdaşlıq çoxalmalıdır. Qeyri-hökumət Təşkilatlarının (QHT) rolu artırılmalıdır. Bütün problemləri dövlət həll etmək gücündə deyil. İnsanlarla işləmək üçün QHT-lərə dəstək göstərilməlidir. Dövlət qurumları həssas vəziyyətdə olan insanları sığınacaqlara, mərkəzlərə yönləndirməlidir. Məlumatlandırma davamlı həyata keçirilməlidir. Qadınların təhlükəsizliyindən ötrü tədbirlər nə qədər aktiv və çevik olarsa, bir o qədər zorakılığın, qətl hadisələrinin qurbanına çevrilənlərin sayı azalar".
Qeyd edək ki, son vaxtlar Azərbaycanda məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb. Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında sözügedən məsələyə toxunub. Onun dediklərinə görə, müraciətlər, əsasən, fiziki zorakılıq faktları ilə bağlıdır:
"Amma mənəvi, psixoloji zorakılıq, seksual qısnama halları hələlik üstüörtülü qalır. Qadınlar bu məsələləri açıqlamaqdan çəkinirlər və ya iş yerlərini itirməkdən qorxurlar”.