“Hazırda Azərbaycanda xüms adı ilə milyonlarla pul yığılaraq İrana göndərilir”.
Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.
Deputat deyib ki, İran şəbəkələrinə üzvlər bu ölkəyə ziyarətlərə gedənlər arasından seçilir.
“Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr ölkədə fəallaşa bilməsinlər”, - deyə o əlavə edib.
Millət vəkili təklif edib ki, Azərbaycandan İrana edilən dini ziyarətləri qanunvericilik səviyyəsində nəzarətdə saxlamaq lazımdır.
Məsələyə münasibət bildirən tanınmış yazıçı Tural Cəfərov (Qan Turalı) “Sherg.az”a bildirib ki, kimin agent olduğunu müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir:
“Lakin onların arasında mütləq İran cəsuslarının olduğunu düşünürəm. Çünki görürük ki, bəzi meyxanaçılar şiəlik adı altında İran təbliğatı ilə məşğul olurlar. Hətta aralarından bəziləri “Mən Ayətullahlara xidmət edirəm” sözünü deməkdən belə çəkinmir. Digər tərəfdən sual yaranır ki, niyə meyxanaçıların hamısı şiə məzhəbindəndirlər? Bunu təkcə region amilləri ilə bağlamaq olmaz. Meyxana əsasən aşağı təhsilli insanlar arasında yayılır və onların beyinlərini yumaq daha asandır".
Gənc meyxanaçı Kərim Abi isə qeyd edib ki, bəziləri hadisənin içində olmadıqları üçün düzgün dəyərləndirmə edə bilmirlər:
"Hansı dünyada yaşayırıq. Meyxanaçıların hər biri müharibə dövründə əsgərlərimizin yanında idilər. Hansı ara gedib İrana işlədilər? Sadəcə boş söhbətlərdir. Onlar elə başa düşür ki, bir nəfər şiədirsə, gedib İrana cəsusluq edəcək. Azərbaycanda əgər agent varsa da peşəyə heç bir aidiyyatı yoxdur. Bu yaxınlarda bir nəfər kamaz sürücüsü həbs etmişdilər cəsusluğa görə. O deməkdir ki, bütün kamaz sürücüləri İran agentidir? Əgər kiminsə içində belə bir istək varsa, peşənin heç bir önəmi yoxdur. Mənim tanıdığım meyxanaçılar arasında İrana işləyənlər yoxdur. Əgər kimsə Allahdan meyxana deyirsə, onu İrana aid etmir. Fazil Mustafa bilmirmi ki, İranda islam inqilabı olmazdan qabaq Azərbaycan xalqı ibadətlə məşğul idi. Yox əgər həqiqətən də tanıdıqları elə bir adam varsa, onu tapıb cəzalandırsınlar".