DSX: “İrandan Azərbaycana gətirilən narkotikin həcmi 9 dəfə artıb” - FOTO

“Son 5 ildə İran İslam Respublikasından Azərbaycana gətirilən narkotik vasitələrin həcmi 9 dəfə artıb”.
Bunu APA-ya müsahibəsində Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.
O bildirib ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İran ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən tərəfimizdən aşkarlanıb. Son 5 ildə narkotik qaçaqmalçılığına görə 55 İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub:
“Ümumiyyətlə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində (yaşıl sərhəddə) tutulmuş qaçaqmalın ümumi kütləsi 2 ton 113,3 kq olub. 2018-2020-ci illərdə - yəni əvvəlki 3 il ərzində dövlət sərhədində cəmi 1 ton 222 kq narkotik vasitənin tutulduğunu nəzərə alsaq, rəqəmlərdə kəskin artımın olduğunu görə bilərik. Bu isə onu göstərir ki, Vətən müharibəsindən əvvəlki dövrdə narkotik qaçaqmalçılığının böyük hissəsi Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik işğal altında olan hissəsinin payına düşüb.
Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərədək işğal altında olan sərhəd ərazilərimizdən kütləvi narkotrafik məqsədilə istifadə edilib. İrandan gətirilən narkotik vasitələr həmin ərazilərdən keçirilməklə Ermənistana daşınıb. Ermənistan ilə birgə həyata keçirilmiş bu fəaliyyətdən həm Ermənistan, həm də İran böyük həcmdə cinayətkar gəlir əldə ediblər. Bu barədə ölkəmizin hüquq mühafizə orqanları çoxsaylı faktlar müəyyən ediblər. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçilərinin böyük rəşadətlə, döyüşərək azad etdiyi İran ilə dövlət sərhəd xətti üzərində nəzarətimizin bərpa edilməsi böyük bir regional narkotrafikin də qarşısının alınmasına da öz töhfəsini vermişdir”.