Natamamlıq kompleksi, özünü təsdiq...  - Ebru Gündeşi Şəmkirə aparan səbəblər

"Özünü başqalarına sübut etmək istəyən insanlarda natamamlıq kompleksi var". 

Bunu "Sherg.az"a sosioloq Əhməd Qəşəmoğlu türkiyəli ifaçı Ebru Gündeşin Şəmkirdə kiçik toy məclisinə dəvət edilməsinin sosial şəbəkələrdə yaratdığı müzakirələrdən, toy sahibinin tənqid edilməsindən danışarkən deyib. Onun sözlərinə görə, insanlıq xüsusiyyəti olduğu üçün uşaqdan böyüyə hər kəs özünü təsdiq etməyə can atır:

"Elə insanlar var ki, özlərini həyatda ancaq maddiyyatla təsdiq edə bilir, bir-biri ilə yarışmağa çalışırlar. Bəlkə də, müəyyən zaman keçdikdən sonra həmin kənddə başqa bir imkanlı şəxs xeyir işinə daha bahalı bir müğənni dəvət edəcək. Necə ki hansısa alim elmi nəzəriyyə, şair şedevr şeiri, ifaçı musiqiləri ilə üstünlüyünü qorumağa səy göstərir, eləcə də türkiyəli müğənnini baha qiymətə toyuna çağıran insanların da yeganə sərvəti maddiyyatdir. Əslində məsələyə qeyri-adi baxmağa da ehtiyac yoxdur. Dünyanın hər yerində belə adamlara rast gələ bilərik. Onlar imkanlarını nümayiş etdirmək üçün hər cür yola əl atırlar. İnsanın xarakteri bir gündə dəyişmir. Bəziləri maddi cəhətdən formalaşır. Elə insanlar da var ki, milyonçu Hacı Zeynalabdin Tağıyev kimi mənəvi dünyaları zəngin olur və maddiyatını xeyriyyəçilik, mənəvi məsələlər üzərindən göstərə bilir. Heç bəlkə də baha qiymətə gələn müğənnilərdən ibarət toy edənlərin hansısa kasıba, şəhid, qazi ailələrinə, tələbələrə yardım etmək üçün düşünmə qabiliyyəti yoxdur. Fikirləşib, bu nöqteyi-nəzərdən də üstünlüklərini görsələr, kiməsə dəstək olmağa da addım atarlar. Çünki o adamların əsas məqsədi özünü üstün göstərməkdir. Bu istiqamətdə maarifləndirmə işləri aparmalıyıq. Həmin insanların mənəviyyatla bağlı təsəvvürünün çox olmasına çalışmalıyıq. Tarix sübut edir ki, hansı cəmiyyətdə mənəviyyata üstünlük verilirsə, orada gözəl bir ahəngdarlıq yaranır. Mənəvi dəyərlərin sıxışdırıldığı toplumda isə  gərginlik ortaya çıxır. Amma millətimizin qabiliyyətinin ancaq özünü təsdiqləməyə kifayət etdiyini səsləndirənlərin fikirləri ilə razı deyiləm. Milləti aşağılamaq olmaz. Bir adamın hərəkətini, addımını xalqın adına yazmaq doğru yanaşma deyil. Cəmiyyətimizdə mövcud olan natamamlıq kompleksini aradan qaldırmaq üçün Elm və Təhsil nazirliyi, Mədəniyyət nazirliyi, Gənclər və İdman nazirliyi birgə çalışmalıdır. Təkcə mütəxəssis, ekspertlər, media nümayəndələrinin çalışması ilə iş bitmir, həmçinin dövlətin humanitar siyasəti səviyyəsində ciddi işlər görülməlidir".

Qeyd edək ki, türkiyəli müğənni Ebru Gündeş Azərbaycana gəlib. İfaçı Şəmkirdə kiçik toy  məclisində canlı orkestr ilə çıxış edib. Sənətçi ən sevilən mahnılarını səsləndirib.