Narkotikdən qurtulmağın yolları... 

"Narkomanların müalicəsində əvəzedici terapiya sayılan metadon proqramından istifadə edilir". 

Bunu "Sherg.az"a Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert-araşdırmaçı Emil Maqalov narkotik vasitə asılılığından qurtulmağın yollarından danışarkən deyib. Onun sözlərinə görə, "Zərərin azaldılması" layihəsi də müalicəyə kömək edir:

"İnkişaf etmiş ölkələrdə də adıçəkilən layihədən faydalanırlar. Yaxşı nəticələr də verir. Azərbaycanda da həmçinin müsbət effekti görə bilirdik. Lakin son 5 ildir, layihənin fəaliyyəti zəifləyib. Çünki əvvəl 30-40 təşkilat, 500 əməkdaş, indi isə 9 təşkilat, 30 nəfər işləyirdi. 

Proqrama ödənişsiz əsaslarla hüquqşünas, narkoloq və digər mütəxəssislər cəlb olunmuşdu. Anonim müayinə, müalicə xidmətləri təqdim edilirdi. Hazırda isə metadon proqramı işləmir. Əvəzedici terapiya insanı narkotikin fiziki asılılığından qurtarmaq üçün istifadə olunur. Sadəcə nədənsə həmin metadon proqramında müəyyən laxlamalar müşahidə edilir. Bu gün müalicə qeyri-mümkündür. Həm "Zərərin azaldılması" layihəsi, metadon proqramının zəifləməsi səbəbindən, həm də narkoloji dispanserlərdə yer olmadığı üçün müalicə qeyri-mümkündür. Narkoloji dispanser də birinci mərhələdir və müalicənin 30 faizini təşkil edir. 70 faiz ksə reabilitasiya mərkəzlərinin payına düşür. Pulsuz fəaliyyət göstərən reabilitasiya mərkəzləri də olmadığı üçün özümüz 5-10 min manat tapıb, pullu mərkəzlərə yerləşdiriləcək. Hər adamda da o qədər pul yoxdur. Aidiyyəti qurumlardan xahiş edək ki, "Zərərin azaldılması layihəsinin aktivliyi artırılsın. İşçilər cəlb edilsin".