Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər Heydər Əliyev həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. Gəlin bir anlığa indiki dövri mətbuata, televiziya və radio verilişlərinin proqramlarına nəzər salaq. Əksərində dilimizə, mədəniyyətimizə biganəlik baş alıb gedir. Həmçinin, aparıcıların əksəriyyəti doğma ana dilimizi dərindən bilmədiklərindən öz çıxışlarında yersiz olaraq alınma sözlərə daha çox yer verirlər.
Reklamlar isə “məlumatlandırmaqla” sanki yaşadığımız şəhərin dilinə “çevrilməyə” başlayıb. Küçə və prospektlərdə hər an reklam mətnlərindəki norma pozuntuları ilə qarşılaşmaq olur.
Azərbaycan Dili Günü ilə bağlı "Sherg.az"la təəssüratlarını bölüşən filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü bildirib ki, dilə sevgi ailədən başlayır:
"Ana dilini sevmək şəxsin vətəndaşlıq borcudur. Reklamlarda, iaşə obyektlərində əcnəbi adların işləkliyi artıb. Bu da Avropaya inteqrasiya ilə bağlıdır. Dilçilik İnstitutunda reklamların monitorinqləri aparılır. Dilçilik institutu Azərbaycan dilinin təbliği üçün əlindən gələni edir. Alınma sözlərin Azərbaycan dilinə işləkliyini tənzimləməyə çalışır. Bəzən məsələlər kağız üzərində qalır, həllini tapmır.
Hazırda televiziya kanallarında sosial verilişlərin sayı çoxalıb, nəticədə sərbəstlik yaranıb. Aparıcılar çox rahatdırlar. Amma xəbər proqramlarında, səhər verilişlərində dilin normaları gözlənilir. Kanala və verilişə görə norma pozuntuları dəyişir. Hər bir aparıcının fərdi üslubu özünü göstərir.
Bəzən efirlərdə elə məsələlərə saatlarla vaxt ayırırlar ki, önəmli məqamlar diqqətdən kənarda qalır. Fərdi məsələlərə daha çox vaxt ayılır, nəinki kütləvilərə. Sosial verilişlərdə bir insanın həyatının müzakirəsi günlərlə uzana bilir.
Efirlərdə ana dilinin normalarından danışanda təkcə orfoepik qaydalar nəzərdə tutulmur, söz ehtiyatı da vacibdir. Bu isə aparıcının yaxud vətəndaşın dünyagörüşü ilə əlaqəlidir".