Boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə (51,6%) ailədə narkomaniya və alkoqolizm problemi göstərilib. Bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticəsində məlum olub. Qeyd olunub ki, ikinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. Cəmiyyətdə məhz deviant hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasına baxmayaraq, ailə münasibətlərinin insanlar üçün olduqca əhəmiyyətli olması ilə əlaqəlidir. Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb. Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların 63%-i, kişilərin 27%-i belə cavab verib. Bu zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir. Narkomaniya və alkoqolizmə münasibətdə isə gender fərqləri aşkar olunmur, yəni bu sosial problemlərə qadınlar və kişilər eyni dərəcədə neqativ münasibət bəsləyirlər. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib. Yenə də müqayisə üçün qeyd edə bilərik ki, narkomaniya və alkolqolizmə həssaslıqda yaş qrupları arasında statistik əhəmiyyətli fərq qeydə alınmayıb.
Cavabların ümumi və demoqrafik bölgülərə əsasən təhlili müasir dövrdə ailənin psixoemosional funksiyasının getdikcə daha çox önəm kəsb etməsi, deviant davranışlar (narkomaniya/alkoqolizm), xüsusilə ailədaxili şiddətə getdikcə daha dözümsüz münasibətin formalaşdığını göstərir. Qeyd edək ki, sorğular 2023-cü il ərzində telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğu 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən sosioloq Lalə Mehrəli bildirib ki, ailə asan qurulmur, amma müşahidələrimə görə çox asanlıqla dağılır :
"Ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir. Toy asanlıqla edilmir, ailə asanlıqla yaranmır, amma bircə imza ilə hər şeyi bitirirlər. Boşanma cəmiyyətə mədəniyyət kimi təqdim edilir. Sanki, hansısa qüvvələr boşanmış qadınların karyerasının daha uğurlu olması ilə bağlı xüsusi piar aparır. İşində uğur əldə edən qadınlar barədə təbliğatlar gedir və orada xüsusilə qeyd edilir ki, uğurlu karyeraya boşandıqdan sonra nail olunur. Yəni efir və telekanallar boşanmanı təbliğ edir. Hər kəsin statistikadan xəbəri var, boşanmalar kritik həddədir. Təsəvvür edin, bu ilin cəmi 2 ayının – yanvar və fevralın statistikasına görə ölkədə 7541 nikah bağlanıb, 3014 nikah pozulub. Bu hər iki nikahdan demək olar ki, birinin pozulması deməkdir! Ötən illə müqayisədə boşanmaların sayı 1.5 faizdən 1.8 faizə yüksəlib, nikahların sayı isə 5,9-dan 4,6-ya düşüb. Ölkədə boşanan gənclər ordusu yaranıb, lakin əlaqədar komitənin tükü tərpənmir. Oğlanlar ailə qurmaqdan çəkinir. Yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa, qorxmaq normaldır. Necə deyərlər "süddən ağzı yanan suyu üfürərək içər". Ona görə də gənclər daha seçici olur,evlənmək üçün ən yaxşı vaxtı, imkanı gözləyir".
Ekspert qeyd edib ki, Gənclər daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanır:
"Bu coğrafiyanın ailələri regionun ən sarsıdıcı müharibələrini görüb, Böyük Vətən Müharibəsinin, Qarabağ müharibəsinin iştirakçıları olublar. Tarixinin ən çətin illərini yaşayan Azərbaycan ailələri o illərdə, ac qalıb, çılpaq qalıb, amma yenə də boşanmalar bu qədər dəhşətli rəqəmlərlə xarakterizə olunmayıb. Ölkənin mövcud ailə dəyərləri, birlik-bərabərlik, bütövlük anlayışları var idi. İndi o anlayış, o dəyər qalıbmı? İndiki dövrdə Azərbaycan ailə modeli nədən ibarətdir? Boşanmış tərəflər, ortalıqda qalmış uşaqlar, aliment davası, mülk çəkişməsi. Bunlar kimin əsəridir? Nİyə aidiyyatı komitə tətbir görmür, niyə araşdırmır, niyə qarşısını almır? Bunların cavabı hər zamankı kimi sual altındadır".