İş yerinin qarşısında avtomobilini saxlayanlara parklamaya görə güzəşt edilsin.
Bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
F.Ağamalı bildirib ki, Azərbaycanda iş vaxtının 8 saat olmasını nəzərə alsaq parkinqə görə saatı 1 manatdan ödənişi ay ərzində toplasaq, bu kifayət qədər böyük rəqəm edir.
“Ona görə də parklama ilə bağlı bu kateqoriyadan olan insanlara güzəştlərin edilməsini təklif edirəm. Digər tərəfdən Ali Təhsil müəssisələrində təhsil alan tələbələr də bu formada güzəştlərin edilməsi lazımlıdır. Çünki həmin şəxslərin Ali Təhsil müəssiələrində olma vaxtını nəzərə alsaq, onlar üçün parkalamaya görə ödənişlərin məbləği yüksəkdir”, - deyə o əlavə edib.
Təklifi dəyərləndirən “Toyota Baku” mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri, avtomobil eksperti Eldəniz Cəfərov "Sherg.az"a deputatın fikirləri ilə qismən razılaşdığını bildirib:
“Fikrimcə, vətəndaşların yaşadığı ünvanla bərabər iş yerlərinin qarşısındakı ödənişli parkinqlər həmin ərazidəki insanlar üçün güzəştli olmalıdır. Əslində, parkinq məsələsi normal tənzimlənib. Sözügedən istiqamətdə tətbiq yeni istifadəyə verilib və vətəndaşlar bunu tədricən öyrənməyə doğru gedir. Sistem getdikcə təkminləşdirilir. Təbii ki, vətəndaşların və deputatların təkliflərini də dəyərləndirmək lazımdır. Artıq bir müddətdir ki, bununla bağlı müzakirələr aparılır. Parklamaya görə qiymətlər elə qoyulmalıdır ki, hər kəsə münasib olsun".