Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, buna müvafiq olaraq sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb.
Xüsusi hərəkət zolaqlarının mahiyyətindən bəhs edən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, istər Bakı, istərsə də Sumqayıt istiqamətlərində xüsusi zolaqların təşkili ümumi vaxta təsir edən amillər sırasındadır:
"Ancaq hər iki istiqamət üzrə zolaqların çəkilişi tamamlanmayıb. Ona görə də faktiki olaraq bu zolaqlar üzrə sərnişinlərin və avtobus sürücülərinin səfər müddəti maksimum azalıb desək, yanlış olar. Bu səbəbdən də vaxt itkisini minimuma endirmək lazımdır. Məsələn, Xırdalan dairəsi, Şamaxinka və digər tərəflərə yeni zolaqlar çəkilməlidir. Bununla gələcəkdə sürəti artırmaq və intervalı azaltmaq mümkün olacaq. Lakin hadisənin yaxın zamanlarda baş verməsi gözlənilən deyil. Çünki həmin istiqamətlərdə sərnişin axını daha çox olmalıdır ki, tələbat yaransın. Hazırki vəziyyətə uyğun olaraq isə vətəndaşlar avtobusla təmin olunub".