Sosial şəbəkələrdə Bakıda yerləşən “New Yorker” geyim dükanının soyunub-geyinmə otağına quraşdırılan kameranın görüntüsü müzakirələrə səbəb olub.
Oxu.Az bununla bağlı geyim dükanı ilə əlaqə saxlayıb. Sualı cavablandıran əməkdaş faktı təsdiqləsə də, açıqlaması bir qədər maraqlı olub:
“Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir”.
“Bəs nəyi çəkir?” sualına isə cavab verilməyib.
Maraqlıdır, gizli kameraların geyim mağazalarının soyunub-geyinmə otağında yerləşdirilməsi nə dərəcədə doğrudur?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, , nəzarət kameralarının insanların şəxsi istifadəsi üçün nəzərdə tutulan otaqlarda, sanitar qovşaqlarda, soyunub-geyinmə otaqlarında quraşdırılması qadağandır:
''Həmçinin, bu bir məsuliyyət yaradır. Çünki insanların şəxsi həyatına müdaxilə etmək yolverilməzdir. Yəni, nəzarət-müşahidə kameralarının işi olduqca funskionaldır. Əgər bununla kimsə hüquqlarının pozulmasına iddia edirsə, o, məhkəməyə müraciət edə və məhkəməni qazana da bilər. Bu sahədə onda ciddi problem olmaz. Çünki sahibkar obyektin hansı hissəsində çəkilişlərin aparılması ilə bağlı elanlar yapışdırmalıdır. Həmçinin sözügedən elan açıq görünən və hamı tərəfindən oxunan yerdən asılı olmalıdır. Ümumiyyətlə isə kameralar hansısa hadisələrin qarşısını alır və əməli törədən şəxslərin operativ aşkar edilməsində kömək olur. Həmçinin, pis niyyətli insanlar həmin kameraları gördükdə əməllərindən çəkinirlər. Kameralardan doğru, təyinatına uyğun istifadə etmək məqsədəuyğundur''