Ekoloq: Azərbaycanı Avropadakı kimi daşqınlar gözləmir

Bizim sel və daşqın fəlakətindən sığortalanmağımızın əsas səbəbi Böyük və Kiçik Qafqazın çay yataqlarının kifayət qədər geniş olmasıdır
 

 Aralıqsız yağıntıların əmələ gətirdiyi sel və daşqınlar Avropanı ağuşuna alıb. Bir neçə gün öncədən meteoroloji xəbərdarlıqlarının diqqətə alınaraq qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, daşqınlar  Şərqi və Mərkəzi Avropada daha çox fəsadlar törədib, şəhərlərin bir çoxunda həyatı iflic edib.  Rumıniyada yaşayan sel fəlakəti zamanı 4 nəfər həyatını itirib, minlərlə ev dağılıb. Çexiya, Polşa, Slovakiya, Macarıstan, Avstriyada da şiddətli yağışlar gözlənilir və bu ölkələrdə də sel, daşqınlara qarşı tədbirlər görülür. Çexiyanın paytaxtı Praqada bəzi bölgələrdə selə qarşı sədlər qoyulub, Praqanın məşhur heyvanxanası ziyarətə bağlı elan edilib, dəmiryollarında qatar reysləri ləğv edilib, bəzi xəstəxanalardakı xəstələr başqa tibb müəssisələrinə təxliyə edilib. Macarıstan hökuməti də sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər həyata keçirsə də, Dunay çayının daşması tədbirlərin faydasını sıfra endirib. Paytaxt Budapeştdə çayın səviyyəsindən aşağı olduğu düşünülən limanlar gəmilərin hərəkəti üçün bağlanıb. Lakin bu önləmlər daşqınların qarşısını ala bilməyib. Dunay çayının daşması nəticəsində küçələri su basıb, bir neçə bərənin işi tamamilə dayandırılıb, bir neçə yol hərəkət üçün bağlanıb. Daşqınların Macarıstan parlament binasına çatdığını əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb. Ölkənin Baş naziri Viktor Orbanın sözlərinə görə, paytaxtda daşqının pik səviyyəsinin şənbə günü axşam müşahidə ediləcəyi proqnozlaşdırılır. Bununla belə, Orban vəziyyətin ciddiliyinə baxmayaraq, ölkə rəhbərliyinin təbii fəlakətlə mübarizə üçün kifayət qədər resursunun olduğunu bildirib. Qeyd olunub ki, suyun gələn həftənin sonuna doğru geri çəkiləcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 20-dən etibarən ölkəmizin ərazisində də havanın temperaturu düşüb, bölgələrdə, həmçinin paytaxt Bakıda yağışlı, tutqun hava müşahidə edilir. Qardaş Türkiyədə isə meteoroloqlar güclü yağıntıların olacağı xəbərdarlığını edib.
 Ölkəmizdə sel və ya daşqın təhlükəsi gözlənilirmi? 

“Sherg.az”a açıqlamasında ekoloq Ənvər Əliyev qeyd etdi ki, Böyük və Kiçik Qafqazın çay yataqları genişdir, buna görə də böyük səviyyədə daşqınlar gözlənilmir:

- Mərkəzi və Şərqi Avropa hazırda güclü yağıntıların təsiri altındadır. Ümumiyyətlə, bu bölgələr demək olar həmişə yağıntı sarıdan problemlidir. Həddindən artıq çox düşür yağıntılar.  Avropanın cənubu bu dərəcədə yağıntılı deyil. Şimalda da vəziyyət yaxşıdır. Digər bölgələrə nisbətən Mərkəzi və Şərqi Avropaya daha çox yağıntı düşür – 8-9 mm. Məsələn, Bakıya bu göstəricinin sadəcə 3-də 1-i qədər yağıntı düşür. Görün, nə boyda fərq var, yağıntı miqdarında. Bizim sel və daşqın fəlakətindən sığortalanmağımızın əsas səbəbi Böyük və Kiçik Qafqazın çay yataqlarının kifayət qədər geniş olmasıdır. Ona görə də bizdə Avropa ölkələrində olduğu kimi daşqınlar gözlənilmir. Düzdür, bizim coğrafi məkanda da vaxtilə daşqınlar olub. Amma yüksək səviyyədə deyil. Əsas odur ki, çay yataqlarına yaxın  yerlərdə məskunlaşma olmasın. Çünki təbiətdə gözlənilməzliklər var. Çay yatağından çıxa bilər, sel gələ bilər. Belə olan halda insanlar, əhali, təsərrüfatlar zərər görməsin deyə, çay yatağından bəlli bir məsafədə məskunlaşma aparılmalıdır.

 Ekoloq qeyd etdi ki, planetdə heç nə yalnız 1 dəfə baş vermir. Planetin dövrilik sistemi var. Dövrilik və hərəkətdə olma əbədi qanundur. Bunu nəzərə alaraq hər hansı təbiət hadisəsinin yenidən təkrarlana biləcəyini diqqətə almaq lazımdır.