Metroda təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır -AÇIQLAMA

Oktyabrın 3-ü saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
“Sherg.az” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.
Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.
Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.
Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. 

Son vaxtlar metroda bu kimi ölüm hadisələrinə tez-tez rast gəlinir. 
Buna səbəb nədir? Metroda hansı təhlükəsizlik qaydalarına əməl etməliyik? Əlavə olaraq hansı tədbirlərə ehtiyac var?
 
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a deyib ki, metro stansiyalar strateji obyektlərdir:

"Ona görə də metroda təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır. Yəni, vətəndaşlar bilməlidirlər ki, qatarlarda sərnişinlər üçün nəzərdə tutulan təhlükəsizlik təlimatları var. Nəzərə almalıyıq ki, metro stansiya xidmətlərindən hər gün on minlərlə sərnişin istifadə edir. Bu səbəbdən də diqqətli olmaq gərəklidir. Metro stansiyaların platformalarında sərnişin hansısa ehtiyyatsızlıq səbəbindən və yaxud səhhətində problem yarandığından qatar reysinə yıxıla bilər. Həmçinin, intihar səbəbindən özünü qatarın altına atanlar da var. Ümumiyyətlə, metroda təhlükəsizlik üçün hüdudlar mövcuddur. Həmin həddi keçməməli, lüzumsuz hərəkətlər etməmək lazımdır. Xarici praktikada gördüyümüz kimi, metro stansiyalarda təhlükəsizlik baxımından səddlər,qapılar var. Həmin qapılar stansiyaya metro daxil olduqda yalnız giriş və çıxış zamanı açılır. Platforma ilə qatar reysi arasında olan birbaşa əlaqə kəsilir. Təbii ki, bu halda kiminsə ehtiyyatsızlıqdan və ya digər səbəblərdən qatar reysinin üzərinə düşmə ehtimalı sıfıra bərabərdir".