AİB sədri: Yumurtanın saxlanma şəraitinə və bütövlüyünə diqqət edin

"Araz" marketlər şəbəkəsinin 8 km ərazisindəki filialından alınan yumurtalardan bu dəfə qurdlar çıxıb.
Bakupost.az xəbər verir ki, Ülviyyə adlı alıcı plasmas qablaşmada olan 10 ədəd yumurtanı açanda birinin çatladığını görüb.
Qutunu açanda ordan kəskin qoxu gəldiyini deyən alıcı gördüyü mənzərədən şoka düşüb. Həmin sınmış yumurta o qədər çox saxlanılıb ki, içini və üzərini ağ qurdlar basıb.
Şikayətçi bildirir ki, qutunun üzərində əlavə kağız etiket olduğu üçün məhz bu hissəni alıcı marketdə görməyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, belə halların yaşanmasının əsas səbəbi ölkədə istehlakçı siyasətinin son dərəcə bərbad gündə olmasıdır:

''Hökümətin öz biznes siyasəti mövcuddur. İstehlakçı siyasətini yerinə yetirən dövlət qurumu illərdir işləmir. Təsadüfi deyil ki, cənab Prezident 20 gün öncə, İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini İqtisadiyyat Nazirliyinin tərkibindən çıxartdı və Prezident Administrasiyasını tabe edən quruma çevirmək üçün sərəncam verdi. Bu qurumdan yeni vəziyyətdə mühüm işlər gözləyirik. Ümid edirik ki, onlar mükəmməl istehlakçı siyasəti formalaşdıracaqlar. Qida Təhlükəsizlik Agentliyi əhatəli yoxlamalar apara bilmir. Yalnız öncədən xəbər verilməklə planlı yoxlanışlar gedir. Nəticədə bazarda bu cür məhsullar satılır. İstehlakçılar bilməlidir ki, 7 gün saxlanılan yumurtalar dietikdir. Lakin bu müddət keçdikdən sonra, mətbəx yumurtası sayılır. Vətəndaşlar yumurta alan zaman mütləq son istifadə müddətinə baxsınlar. Təəssüf ki, bəzi istehsalçılar tarixi qeyd etmirlər və yumurtanı ədədlə satırlar. Saxlanma şəraitinə və yumurtanın bütövlüyünə diqqət edin. Belə vəziyyətlər baş verərsə, insanların 1100 qaynar xəttinə zəng edərək AQTA-ya müraciət etmələri tövsiyə olunur".