1-2 gün hava isti keçirsə, “payız fəsli yoxdur, payız olmadı”, demək olmaz
“Hər təsadüfi haldan nəticə çıxarıb fəsilləri heçə saymaq düzgün deyil, bu, müvəqqəti dəyişkənlikdir”
Sentyabrın 20-dən payız fəsli daxil olsa da, hava soyumur ki, soyumur. Sinoptiklər avqustun son 50 ildə ən isti avqust olduğunu açıqlasa da, görünür, 2024-cü ilin sentyabr və oktyabr ayı hava tarixində ən isti payız ayları olacaq. “Medicina” xəbər verir ki, hətta şimal ərazilərdə, Rusiyada həftələrdir isti hava hökm sürür. Sentyabrda pik temperatur 34 dərəcə idi, oktyabrda Bakıda 27-dərəcəyə çatıb. Cənub hava axınları gündüz temperaturunu may, iyun səviyyəsində isti saxlayır. Dünya üzrə temperatur rekordları hər həftə dəyişir. Görünür, bu payızı biz uzun müddət xatırlayacağıq. Artıq 2 aydır ki, Rusiya sinoptikləri ölkənin Avropa sərhədlərində belə havanın orta temperaturunun 17 dərəcə və yuxarı olduğunu, bunun isə payız üçün tipik olmadığını bildirir. Belə bir anomal payız 2010-cu ildən bu yana müşahidə edilməyib. Ekstremal isti dalğalar həm təbiətə, həm heyvanlara, həm də insanlara neqativ təsir göstərir. Mərkəzi Rusiyada belə istilik heç cür çəkilmir. Termometrdə göstəricilər hər gün 1 dərəcə də olsa, rekord vura bilir. Moskvada isti və günəşli hava iyul temperaturuna 24 dərəcəyə yaxındır. Adətən bu ərəfədə yağış, soyuq, hətta qara hazırlaşan Moskva istilərin nə qədər davam edəcəyini bilmir. Hidrometereoloji mərkəzin elmi rəhbəri Roman Vilfand bildirib ki, indi temperatur normadan 5 dərəcə çoxdur, gündüz istilik dözülməz belə ola bilər. Gündüz temperatur +29 dərəcə, axşam isə qəfil dərəcə enərək, 19-20 olur. Eynilə Bakıda da hava dəyişiklikləri kəskindir, əvvəlki illərdə pencək, kurtka, ayaqqabıya keçən insanlar hələ də yay geyimindədir, günorta saatlarında temperaturun pik həddində isə qapalı yerlərdə dözülməz olur. Amma meteoroloqlar yağıntının çox olacağını proqnozlaşdırır, yağış və qar kifayət qədər olacaq. Amma Bakının bu il də qar görəcəyi sual altındadır. Payızda anomal istilər insan orqanizminə necə təsir edir, hansı xəstəliklər kəskinləşir? Qeyd edək ki, kəskin hava dəyişimi olan və isti havalarda payızda aktiv olan virus infeksiyaları daha çox yayılır və insanları yoluxdurur. Eləcə də ürək, təzyiq xəstələri, hamilələr, yaşlılar, uşaqlar, şəkər xəstələri, astma bronxiti olanlar üçün belə isti havalarda orqanizmi tənzimləmək çətin olur. Onlar qalın geyinib küçədə, qapalı yerdə olduqda və günorta hərarət 27-ni keçəndə susuzlaşma, qan laxtalanma, təzyiq, halsızlıq fonunda narahatlıq artır. Ona görə bu havada küçəyə səhər və axşamüstü çıxmaq məsləhətdir.
Ekoloq Ənvər Əliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bəli, temperatur yüksəkliyi, istilik var. Lakin bundan əvvəl də müxtəlif illərdə isti keçən oktyabr ayı olub:
- Biz aspiranturada təhsil aldığımız illərdə elə olurdu ki, oktyabrın ortaları, axırı qısaqol köynəkdə gəzirdik. Bir mövsümlə “bu fəsil var, bu fəsil yoxdur”, deyib fikir yürütmək düzgün deyil. Fəsilləri yaradan amil var. Amillər dəyişilməyibsə, fəsil dəyişikliyi ola bilməz. Dövrilikdə fərqlər ola bilər. Deyək ki, 50 il əvvəl payız isti keçib, yağıntılar nisbətən az olub, 10-15 il sonra yenidən hava soyuyur, payızda soyuq, yağıntılı iqlim müşahidə edilir. Bu, dövriliklə bağlıdır. Fəsilləri yaradan yerin fırlanma oxunun fırlanma müstəvisinə olan bucağıdır. Bu dəyişməyibsə, fəsillərin xüsusiyyətinin dəyişməsindən söhbət gedə bilməz. 1-2 gün hava isti keçirsə, “payız fəsli yoxdur, payız olmadı”, demək olmaz. Mən bir neçə gündür Qəbələdə idim. Orada çox gözəl payız keçir. Günorta saatlarında bir balaca isti, mülayim hava olur, gecələr isə temperatur düşürdü, soyuq idi. Ümumiyyətlə, paytaxt Bakıda fəsillərin xüsusiyyəti, əlamətlər hiss olunmur. Çünki paytaxt o qədər basırıq, sıxlıqdır, yaşıllıqlarsa o qədər azdır ki, mülayim hava da isti təsiri bağışlayır. Yayda isti yandırır, qovurur, hətta əsən külək də isti, narahatedici olur. Payızın küləyi qış havasını xatırladır, qışda isə lap dəhşətdir. Yenə də külək dondurucu şaxta effekti yaradır. Hərçənd şaxtanın dərəcəsi bəzən 1, bəzənsə 0 dərəcəyə yaxındır. 1-0 dərəcə şaxta Bakı üçün dəhşətli iqlim şəraiti deməkdir. Bölgələrdə isə belə deyil. Hər fəsil özünü normal şəkildə büruzə verir. Şəhər mühitində, həm də Bakı kimi şəhərdə payızın “isti hava” ilə assosiasiya olunması təəccüblü deyil. Bu, “payız fəsli yoxdur”, deməyə əsas vermir. Payız var, amma Bakıda hiss olunmur. Yəni hər təsadüfi haldan nəticə çıxarıb fəsilləri heçə saymaq düzgün deyil. Bu, müvəqqəti dəyişkənlikdir.