Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər.
Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
“Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artırılmasına gətirib çıxaracaq. Biz bunu bu mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksiylə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan qabaq ümumiyyətlə bu məsələ haqda söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır. Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ ki bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır”, - Anar Rzayev bildirib.
Maraqlıdır, bəs bu yöndə nəqliyyat ekspertləri nə düşünürlər? Taksilərin avtobus zolağına daxil edilməsinə şərait yaradılmalıdırmı?
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az"a açıqlamasında söyləyib ki, bu tamamən düzgün yanaşmadır:
"Bu yöndə Anar bəylə fikirlərimiz üst-üstə düşür. Taksilərin avtobus zolağına daxil olması indiki məqamda mümkün deyil. Çünki bu sahədə tam olaraq nizam-intizam formalaşmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, taksi sürücülərinin imtahanlardan keçməsi, sertifikatlaşması hələ də tam həyata keçirilmir. Buna səbəb isə bəzilərinin özlərinə çox arxayın olmasıdır. Hətta, başqalarını da aldadaraq inandırırlar ki, heç kim imtahan verməsin, dövlət onsuz heç bir addım atmayacaq. Rəqəmlərə nəzər yetirsək, görərik ki, Bakı şəhərində 35 min civarında taksi var. Lakin onların yalnız 14 mini qanuni fəaliyyət göstərir. Çünki həmin şəxslər imtahana getmir, sağlamlıq haqqında arayış almırlar. Sadəcə olaraq avtomobillərin ili təzə olduğu üçün AYNA tərəfindən güzəşt edilib. Bu səbəbdən onlar düşünürlər ki, heç kimə cərimə yazılmayacaq. Ancaq belə yanaşma doğru deyil. Bu baxımdan taksi sürücülərinin avtobus zolaqlarına təkcə sənişini mindirib-düşürmək üçün daxil olmasına icazə vermək lazımdır. Çünki taksilər müştərini 2-ci cərgədə mindirib düşürürlər ki, onlara cərimə yazılmasın. Bu insanların həyatını risk altına atmaq deməkdir. Sistem tam qurulduqdan sonra artıq digər nüanslara baxmaq olar".
Nəqliyyat eksperti İlqar Hüseynli isə qeyd edib ki, Bakı şəhərinin küçələrinə kütləvi şəkildə avtobus zolaqlarının ayrılması yollarda ciddi şəkildə sıxlığının yaranmasına səbəb oldu:
''Bu eyni zamanda Bakı-Sumqayıt istiqamətindən gələrkən tıxacı yaradan faktorlardan biridir. Çünki Sumqayıt-Bakı istiqamətində hərəkət edən avtomobillərin böyük əksəriyyəti ''20 yanvar ''və ya ''Tbilisi prospekti''-nə daxil olur. Orada isə avtobusların intensiv hərəkəti həmçinin, enli zolaqların çəkilməsi digər nəqliyyat vasitələrinə mane törədir. Bu da Xırdalan, Sumqayıt istiqamətində böyük tıxaclara gətirib çıxarır. Yəni, indiki mövcud zolaqlar avtomobilin tutumuna imkan vermir. Nəzərə almaq lazımdır ki, hərəkət edən nəqliyyat vasitələrinin 3-də biri taksi xidmətinin payına düşür. Taksilərin də avtobus zolaqlarına daxil olmasına şərait yaradılması hərəkətin intensivliyinə yeni imkanlar aça bilər. Fikrimcə,indiki şəraitdə bu qərarın verilməsi daha doğru olacaq".