Sakinlərin "nisyə" dəftərindəki 11 min manatdan çox borcu bağlayıb yoxa çıxdı
“Əxlaqlı, mənəviyyatlı insan belə olur, nəinki başqalarının haqqını mənimsəyib, ölkənin sərvətini oğurlayıb, talayıb var-dövlətə yiyələnmək, başqalarını ehtiyac içində qoyanlar”
Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb. Bu barədə məlumat yerli xəbər saytlarında yayılıb. Kəndin adı açıqlanmır. Qeyd edilir ki, kənddə mağazadan "nisyə" məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb. Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub. Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar bildirib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib.
Sosioloq Elçin Bayramlı “Sherg.az"a açıqlamasında bildirdi ki, belə hallara hərdən rast gəlinir. Bu, qəribə sayılacaq hal deyil, normal insani keyfiyyət, yüksək əxlaq göstəricisidir:
- Maddi cəhətdən imkanlı şəxsin başqalarına yardım etməsi o şəxsin yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. Normal insan məhz belə də olur. Kiminsə ehtiyaclı insanlara yarıdm etməsində qəribəlik, heyrətli bir hal axtarmalı deyilik. Təsəvvür edin, cəmiyyət hansı vəziyyətdədir ki, insanlara yardım edilməsinə qəribə, fövqəladə hal kimi baxılır. Normal hadisələr anormal hesab edilir. Qəribə o deyil ki, kimsə ehtiyaclı insanların borcunu bağlayır, insanların borclarını ödəyir. Qəribə budur ki, külli miqdarda, ölçüyəgəlməz sərvətə sahiblənmiş şəxslər var, amma kimsəyə yardım etmir, kömək əli uzatmırlar. İnsan cəmiyyətində belə hallar heyrətli, qəribə hesab edilməlidir. Hesab edirəm ki, biz “niyə insanlar ağır sosial duruma düşür” sualına cavab axtarmalıyıq. Necə olur ki, insanlar adi, gündəlik ərzaq tələbatlarını ödəyə bilmir və mağazaya borclanırlar, maddi cəhətdən ağır vəziyyətə düşürlər. Və kimsə onlara yardım etmir. Bunun səbəbləri araşdırılmalıdır. İnsanlara yardım etmək, ağır maddi sıxıntı içində olan insanın borcunu ödəmək, sahib olduğunu paylaşmaq normal insani keyfiyyətdir. Bu keyfiyyətə sahib olmaq insan adlanmaq üçün bəs edir. Əxlaqlı, mənəviyyatlı insan belə olur, nəinki başqalarının haqqını mənimsəyib, ölkənin sərvətini oğurlayıb, talayıb var-dövlətə yiyələnmək, başqalarını ehtiyac içində qoyanlar. Niyə kimlərsə gündəlik tələbat mallarına möhtac olmalıdır? Elə bir cəmiyyət olmalıdır ki, bu kimi hallar yaranmasın. Gündəlik qidasını ala bilməyən insanlar varsa, bu, normal cəmiyyət sayılmaz. İnsanların gündəlik tələbatı qarşılanmalıdır, ərzaqla təmin edilməlidirlər. Birisi görür ki, hansısa kənddə insanların maddi vəziyyəti ağırdır, xeyli miqdarda borclanıblar, onlara yardım etməyə çalışır. Bu, kiminsə hüquqi vəzifəsi deyil, amma belə insanlar mənəvi cəhətdən özlərini borclu bilərək insanlara kömək əli uzadırlar. Bəzilərindən fərqli olaraq bu insan, bütün normal insanlar kimi özünü reklam etməyib. Bu da onun insani dəyəridir. Belə insanların sayı çox olmalıdır. Amma belə insanların yardım əli uzatmasını şərtləndirən vəziyyət aradan qaldırılmalıdır. Problem bundadır. Yoxsa xeyriyyəçi, yardım əli uzadan, öz malını paylaşan insanlar həmişə olub, var. Sadəcə, insanların ağır duruma düşməsinin qarşısı alınmalıdır. Bunun üçün də effektiv sosial layihələr icra edilməlidir.