Əhali FHN-in xəbərdarlığına əhəmiyyət verməlidir
Fövqəladə Hallar Nazirliyinin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Nazirliyin məlumatında bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə daha da enəcəyi gözlənilir. Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: “İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir. Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinliklər, eləcə də havanın temperaturunun enməsi fonunda qızdırıcılardan istifadənin artması nəzərə alınaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”. Nazirliyin müraciətində qeyd edilir ki, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, FHN-in müraciətində vurğulanan hallar mülki müdafiə sisteminə aiddir:
- Bu məsələlərlə bağlı əhali arasında daim məlumatlandrıma, maarifləndirmə aparılmalıdır. FHN bölgələrdə fəaliyyət göstərən regional şöbələri bu cür maarifləndirici tədbirlər həyata keçirir. Lakin əhalinin bu tip tədbirlərə marağı zəifdir. İllərdir biz payız-qış mövsümü başlananda əhalini məlumatlandırmağa çalışırıq ki, qaz sobalarından, elektrik qızdırıcılarından düzgün istifadə etsinlər, fəlakətlər, faciələr baş verməsin. Amma elə ki evlərdə sobalar işə düşür, dəm qazından boğulma halları başlayır. FHN, Dövlət Neft Şirkətinin məlumatlandırıcı video-rolikləri var, orada göstərilir sobaların düzgün quraşdırılma qaydası, elektrik cihazlarından düzgün istifadə, mənzildə təhlükəsizlik tədbirləri, yanğın təhlükəsi zamanı hara xəbər verilməlidir, yanğın başlayıbsa, necə davranılmalıdır. Lakin əhali bəzən bu məlumatlara səhlənkar yanaşır. Öz həyatlarına səhlənkar yanaşırlar. Havalar soyuduqca idarə və müəssisələrdə qızdırıcılar işə salınır. Qızdırıcılar işə salınmazdan əvvəl mütləq yoxlanmalıdır, saz vəziyyətdə olub-olmadıqları dəqiqləşməlidir. Bütün idarə və təşkilatlarda, müəssisələrdə, ofislərdə yanğınsöndürən avadanlıqlar, ləvazimatlar, su nasosu balonları olmalıdır. Binaların təxliyə planı ilə bütün işçilər tanış olmalıdırlar, təhlükə zamanı hansı çıxışa yönələcəklərini bilsinlər. Müvafiq qurumlar da ciddi monitorinqlər aparmalı, yanğından mühafizə sistemlərinin işlək olub-olmadığını yoxlamalıdırlar.
Daşqın, sel fəlakətlərinə gəlincə, E.Nurəliyev əhalini FHN-in xəbərdarlığına əhəmiyyət verməyə çağırdı:
- Sakinlər təhlükəsizliyə əməl etməlidir. Sel, daşqın təbii fəlakətdir. Lakin bunlardan daha az itkiylə çıxmaq mümkündür. Harada ki sel, daşqın ehtimalı böyükdür, həmin ərazilərdə məskunlaşmış əhali köçürülməlidir. Yerli orqanlar təhlükəli ərazilərdə tikintilərə, təsərrüfat obyektlərinin fəaliyyətinə icazə verməməlidirlər. Mal-qara təhlükəsiz ərazilərə köçürülməlidir. Əhaliyə dəymiş ziyan qarşılanmalıdır. İntensiv yağıntılar zamanı elektrik naqilləri ilə bağlı xüsusilə diqqətli olmaq lazımdır. Küçələrdəki reklam lövhələri isə möhkəm olmalıdır. Hamı bilir ki, Bakı küləkli şəhərdir. Reklam lövhələri, hər hansı konstruksiyalar quraşdırılarkən möhkəmliyinə əmin olmaq lazımdır.