1 manatlıq taksilərin sıfıra salınmasından sonra əhalinin üz tutacağı bir yer qalıb
57 yaşlı metronun isə problemləri çoxdur, təmir-tikinti xərcləri artırılmalıdır
Yerin üstü daraldıqca, imkanlar azaldıqca, yerin altı daha çox yüklənir. Bəli, söhbət metrodan gedir. Sirr deyil ki, hazırda ictimai nəqliyyatın əsas ağırlığı – bəlkə, 70-80 faizi metropolitenin üzərindədir. Bunu nəinki “ças-pik” vaxtlarında, günün istənilən saatında müşahidə etmək olur artıq. Metroda nisbətən, azacıq seyrəklik, bəlkə, 10:30-11:30 arası, bir də əl-ayaq yığılandan sonra – 22:00-dan 00:00-dək ola, ya olmayadı. O da baxır təqvimə, günə. Əgər bayram günləridirsə, seyrəklik gözləməyinə dəyməz. Eləcə də, həftənin iş günlərində metroda seyrəkliyə ümid etmək səhrada su axtarmaq kimidir. Bu da onu göstərir ki, əhali metrodan daha çox istifadə edir, dediyimiz kimi, yerin üstündə ictimai nəqliyyat avtobus zolaqlarının çəkilməsinə rəğmən təxminən əvvəlki axsaq qrafiklə işlədiyinə görə. Yerüstü ictimai nəqliyyatı normal hala sala biləcəyinə inam nümayiş etdirən və bizləri də buna inandırmağa çalışan qurumlar bir gerçəyi israrla qəbul etmək istəmir: paytaxtın yol infrastrukturu yerüstü ictimai nəqliyyatın normal işləməsi üçün uyğun gəlmir. Geniş, bir neçə zolaqlı yollarımız çox azdır. Olanlar da idarə, şirkətlərin yol kənarında park edilən avtomobilləri, binaaltı ofislər, marketlər, kafe-restoranlar, iaşə, xidmət obyektləri tərəfindən zəbt edilir. Baxın, COP29 günlərində Mehdi Hüseyn küçəsi ilə üzüaşağı, Şeyx Şamil küçəsi ilə İçərişəhər metrostansiyasına aparan yolun bir zolağı avtobuslara ayrılmışdı. Amma bu yol bineyi-qədimdən dar olduğundan avtobus zolağa daxil ola bilmirdi. Tıxac səbəbindən hərəkət edə bilməyən avtomobillərin irəli keçməsini gözləməli olurdular. İndi də belədir. Avtobus döngəni dönüb zolağa daxil ola bilmir. İşıqforun qırmızıdan yaşıla keçməsini gözləyir ki, avtomobillər hərəkətə gəlsin, yol açılsın, sonra avtobus da irəli hərəkət edə bilsin. Bu, yalnız bir nümunədir. Şəhərin avtoyollarında belə nümunələr “n” qədərdir. Yəni istəsək də, infrastruktur müasir tələblərə cavab vermədiyindən ictimai nəqliyyatı normal hala gətirmək çox çətindir. Hə, bir də taksi xidmətinin azalması amili də var. 1 manatlıq taksilərin sıfıra salınması da yerüstü ictimai nəqliyyatda sıxlığı bir qədər də artırıb. Bütün bunları gözə alan əhali yerin altına – metroya düşməyi daha məqbul hesab edir. Beləliklə, yeraltı nəqliyyat yüklənir. Və təəssüf ki, bəzən ciddi problemlər də yaranır. Və bu, sərnişinlərin narahatlığına və hətta həyəcanına səbəb olur, metroya inamı da azaldır. Bu günlərdə metronun işində əməlli-başlı axsama yarandı. Axşam saatlarında "yaşıl xətt" üzrə "Əhmədli" - "Dərnəgül" marşrutu ilə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb. Daha sonra "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib. Qısamüddətli məhdudiyyətlər də tətbiq olunub. Əsas hədəf platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısının alınması olub. Nəticədə metrostansiyanın girişində, platformalarda hədsiz sıxlıq yaşanıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov baş vermiş hadisə ilə bağlı açıqlamasında bildirib ki, Bakı metrosunda qatardakı texniki nasazlıqla əlaqədar komissiyanın xüsusi araşdırma iclası olacaq. O qeyd edib ki, mövcud vəziyyətin aidiyyəti şöbələrin rəhbərliyi ilə müvafiq araşdırılması aparılacaq. B.Məmmədov xatırladıb ki, metroda sıxlığın tənzimlənməsi bir saat davam edib: "Qatarın nasazlığı 18:20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub. "28 May" həmin vaxt Bakı metrosunun ən sıx stansiyalarından biri olur. Bu zaman sərnişinlərin düşürülməsi səkkiz dəqiqəyə yaxın vaxt aparıb".
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, komissiyanın araşdırma apararaq yekun nəticəyə gəlməsini gözləmək lazımdır:
- Elan olunmuş araşdırma iclasın nəticələrini gözləyək. Rəsmi bir mövqe var, anons verilib bununla bağlı. İlkin məlumatlara əsasən deyə bilərik ki, aparılan təmir işləri, vaqonların qapılarının bağlanmasına sərnişinlərin müdaxiləsi, ümumi rabitə-işarə vermədə qoyulmuş vaxt limitiylə bağlı məsələlər intervala birbaşa təsir edir. Ümumilikdə hesab edirəm ki, 57 yaşlı metronun təmir-tikinti xərcləri artırılmalıdır. Müəyyən dövrdən sonra həm tunellərin baxımı, təmir işləri, çatışmayan hissələrin tikintisi üçün təxirə salınmadan vəsait ayrılmalıdır. Bu çatışmayan hissələr - elementlər tikilərsə, sərnişin axınının parçalanması və ən minimum interval nail olunmasına gətirib çıxarar. COP29 zamanı metropolitenlə bağlı da müsbət xəbərlər oldu. Avropa İnvestisiya Bankı ilə memorandum imzalandı, yeni stansiyaların tikintisinə vəsait ayrılacağı elan edildi. Ən vacib məsələ - 3 xəttin müstəqil fəaliyyəti üçün hər birinin ayrıca deposunun olmasıdır. “Yaşıl xətt”in öz deposu yoxdur. Dərnəgül deposunun tikilməsinə və xətlərin ayrılmasına ehtiyac var. Bu, əlavə istiqamətlər üzrə yeni tikintiyə ehtiyac olduğunu göstərir. Bunlar bir-biriylə əlaqəli proseslərdir. Cari təmir, metronun ümumi inkişafı şəhərdaxili mobilliyə təsir edən amildir. Yerin altında nə qədər çox hərəkətlilik olarsa, bu, yerin üstündəki yükün önəmli hissəsini üzərinə götürmüş olacaq.