Son illərdə ölkəmizdə və dünyada baş verən hadisələr göstərir ki, uşaqların hüquq mədəniyyətinin yüksəldilməsi, hüququn inkişafı çox əhəmiyyətlidir.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurum tərəfindən hazırlanmış "Uşaqlar və hüquq" kitabının və "Uşaqların hüquq düşüncəsi" tədqiqat işinin təqdimatında deyib.
O bildirib ki, həm milli qanunvericilikdən, həm də beynəlxalq təcrübədən irəli gələrək xüsusi olaraq bütün uşaqlar, gənclər üçün hüquq mədəniyyətinin inkişafına yönələn addımlar atılmalıdır.
"Azərbaycanda uşaq hüquqları və ailə məsələləri insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. Bu sahədə həm beynəlxalq, həm də milli səviyyədə hüquqi çərçivələri müəyyən edən qanunvericilik mövcuddur.
Uşaq hüquqlarının qorunması, rifahının və təhlükəsizliyinin təmin edilməsi yalnız dövlət siyasətinin və dövlət qurumlarının vəzifəsi deyil. Bu prosesə digər institutlar, elmi potensial, ictimai sektor və müxtəlif sahələr də cəlb olunmalıdır", - o vurğulayıb.