“Novruz bayramına qədər 4 çərşənbə olur. Hərəsinin öz mənası, öz missiyası. Soruşaq uşaqlardan, nə bilirlər çərşənbələr haqqında, heç nə deyə bilməyəcəklər”
“Bununla biz hara gedirik? İnşallah, Türkiyədə olduğu kimi bizdə də bu cür şənliklərə bir aydınlıq gətirilər, milli adət-ənənələrimizə uyğun olmayanlar yığışdırılar. Hazırkı şənliklərdə uşaqların öyrənəcəyi, müsbət əxz edə biləcəyi bir şey yoxdur. Bunlar hamısı mənasız vəsait sərfi, israfçılıq, lazımsız xərclərdir”
Qardaş Türkiyədə Yeni il şənliklərinə qadağa tətbiq edilməyə başlanılıb. Türkiyə mediasındakı xəbərlərə görə, Yeni il şənliklərinin milli adət-ənənələrə zidd olduğuna dair orta məktəblərə təlimat göndərilib və şənliklərin keçirilməsi qadağan edilib. Belə bir təlimat İstanbul Bağcılar v Ataşəhər bölgə Milli Egitim (təhsil) Müdürlükləri tərəfindən ərazidəki məktəblərə yazılı şəkildə göndərilib.
Təlimatda “Noel”, Yeni il, “Cadılar bayramı” kimi şənlik və mərasimlərin milli və mənəvi-mədəni dəyərlərə zidd olduğu ifadə edilir və bu cür tədbirlərin keçirilməməsi məsləhət görülür. Məktəblərdə sinif otaqlarının bəzədilməməsi, milli bayramlara üstünlük verilməsi tövsiyə edilir. Türkiyə Təhsil Nazirliyi (Milli Egitim Bakanlığı) bu ilin fevral ayında özəl təhsil müəssisələrinin idarəedilməsi qaydalarına dəyişiklik edərək bu məktəblərdə də “Noel”, Yeni il bayramlarının keçirilməsini qadağan edib. Hətta milli-mənəvi dəyərlərə zidd bayramlar, şənliklərlə bağlı rəqəmsal çəkilişlər edib yayımlamaq da yasaqlanıb. Təbii ki, qərar mübahisələrə yol açıb. Qərarı xoş qarşılayanlarla yanaşı, qarşı çıxanlar da var. Qarşı çıxanlar bunu əsas gətirir ki, şənliklərin yasaqlanması uşaqların sosiallaşmasına əngəl yaradacaq, məktəblilərin sosial mərasimlərə qatılmasının qarşısını alacaq.
Bizdə vəziyyət necədir? Uşaq bağçalarında, orta məktəblərdə valideynlərin birbaşa vasitəçiliyi (maddi ödənişlər baxımından), kollec, ali təhsil müəssisələrində tələbələrin şəxsi təşəbbüsü ilə Yeni il şənlikləri artıq bir neçə gündür start götürüb. Yeni il şənlikləri milli adət-ənənələrə, milli dəyərlərə nə dərəcədə zidd ola bilər? Yeni il dünya miqyasında təntənəli ilə qeyd edilən dünyəvi mərasimdir. İlin yenilənməsini insanlar daim səbirsizliklə gözləyir və sevinclə qarşılayırlar. Qarşıladıqları ilin necə olacağını bilmədən. Amma insan xilqəti etibarilə yaxşıya ümid edən, gələcək günlərin xoş keçəcəyinə, yeni ilin səadət gətirəcəyinə inanmaq istəyən məxluqdur. Bu mənada insanların Yeni ili çoşquyla qarşılaması da başadüşülən və anlaşılandır. Problem bayram şənliklərinin hansı formada, hansı çərçivədə keçirilməsindədir. Əgər hər hansı uşaq bağçasında valideyn övladı üçün hədiyyə alıb müəlliməyə ötürməyibsə, (guya Şaxta baba, ya da Santa Klausun hədiyyəsidir deyə) və Yeni il şənliyində də o uşaq hədiyyə verilən uşaqlara baxıb məyus olursa, qəlbi qırılırsa, lənət olsun belə bayrama! Bu bayramı həmin uşaq daim kədərlə xatırlayacaq. Məktəblilərin pul yığıb restoranda, kafedə şənlik keçirməsi, ifrat davranışlara, hərəkətlərə, həddindən ziyadə bər-bəzəyə aludəçilik də bayram şənliklərinə kölgə salan amillərdir.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında Türkiyədə tətbiq edilən yasağı alqışladığını dedi:
- Bu, çox ciddi məsələdir. Ümid edirəm, bizdə də tezliklə bu məsələyə baxılar. Oktyabr ayında əksər məktəblərdə, bağçalarda Halloven – Cadılar bayramı keçirildi. Paytaxtımızda “Zəfəran” restoranı var, milli ornamentlərlə, aksessuarlarla bəzədilir həmişə. Həmin günü isə “Cadılar bayramı”na uyğun akssessuarlar qoyulmuşdu, uşaqlar onların qarşısında şəkil çəkdirirdilər. Hətta bizə içəri keçməyə də izin verilmədi, deyildi ki, bura əvvəlcədən rezerv edilib, bağlıdır. Cadılar bayramı keçirilir. “Cadılar bayramı”nın bizim xalqa heç bir aidiyyəti yoxdiur. Niyə biz bunu təntənəli şəkildə keçirməliyik? Valideynlər nə qədər vəsait sərf edirlər bu cür mərasimlərə. Milli kimliyimizə aidiyyəti olmayan bayramları keçirmək düzgün deyil. Novruz bayramına qədər 4 çərşənbə olur. Hərəsinin öz mənası, öz missiyası. Soruşaq uşaqlardan, nə bilirlər çərşənbələr haqqında, heç nə deyə bilməyəcəklər bəlkə də. Çünki valideynlər məlumat vermir uşaqlarına, milli bayramlarımızı təbliğ etmirlər, sevdirmirlər övladlarına. Amma Avropadakı bayramı məişətlərinə daxil edirlər, külli miqdarda pul sərf edirlər. Uşaqlar kiçik yaşlarından milli ruhda böyüdülməli, tərbiyələnməlidirlər. Bu işi görən valideynlərdir. Qrupda yazışırlar. Toplaşıb pul yığırlar, bahalı hədiyyələr alırlar. Böyük partilər, məclislər keçirmək istəyi getdikcə böyüyür. Milli kaloritli bayramlar qalır kənarda.
M.Məmmədova qeyd etdi ki, Yeni il şənlikləri, “Yolka bayramı” sovet dövründə də keçirilirdi, lakin fərqli şəkildə:
- Problem mərasimlərin məzmun və forma dəyişikliyinə məruz qalmasındadır. Sovet vaxtı yolka şənlikləri bitəndə uşaqların hamısına hədiyyə paketi paylanırdı. Amma şənlik zamanı Şaxta baba və Qar qız yaxşı şeir deyən, mahnı oxuyan, rəqs edən, sual-cavablarda fəal olan uşaqlara özləri hədiyyə verirdilər. Bu, uşaqları həvəsləndirirdi, Şaxta babadan hədiyyə almağa can atırdılar, şeir əzbərləyirdilər, mahnı öyrənirdilər. İndiki uşaqlar çox yaxşı bilir ki, Şaxta babanın verdiyi hədiyyəni evdən öz anası gətirib. Bu, şənliyin mahiyyətini tamamilə itirir. Heç bir məna qalmır. Yalnız oynamaq, atlanıb-düşmək, şirniyyat yemək. Mərasimlərin intellektual, öyrədici, tərbiyələndirici tərəfi yox olub, ancaq maddi tərəfi qalıb. Uşaqların sosiallaşması üçün kütləvi tədbirlər vacibdir. Lakin bu tədbirlər məzmun və forma baxımından milli kimliyimizə uyğun olmalıdır. Kimsə Yeni il şənliklərinə qarşı deyil. Olsun, amma eybəcər forma almasın. Amma bizdə necədir? Yeni ilə bir neçə gün qalmış valideynlər restoran rezerv edir, bahalı hədiyyələr alırlar. Bununla biz hara gedirik? İnşəllah, Türkiyədə olduğu kimi bizdə də bu cür şənliklərə bir aydınlıq gətirilər, milli adət-ənənələrimizə uyğun olmayanlar yığışdırılar. Hazırkı şənliklərdə uşaqların öyrənəcəyi, müsbət əxz edə biləcəyi bir şey yoxdur. Bunlar hamısı mənasız vəsait sərfi, israfçılıq, lazımsız xərclərdir. Baxaq görək, Avropada Şərqlə bağlı bir ritual icra olunurmu, bizim hansısa bayramımızı qeyd edirlərmi? Yox. Biz niyə özümüzə aid olmayan bayramı qeyd etməliyik?! Mən Türkiyənin bu qərarını alqışlayıram. Yeni il şənlikləri Novruz şənliklərindən qat-qat təmtəraqlı keçirilir. Niyə? Halbuki Yeni il sadəcə təqvim dəyişikliyini, Novruz bayramı isə təbiətdə baş verən dəyişikliyi, həyatın, kainatın, insanın yaradılışını ehtiva edir. Görün nə boyda fərq var bu bayramlar arasında. Amma biz sadə, köklü, insanlığa, bəşəriyyətə bağlılığı olmayan bir bayramı üstün tuturuq, təmtəraqla qeyd edirik, əsaslı bayramı isə sönük, könülsüz qeyd edirik. Bu, milli kimliyimizi sarsıtmaq istəyənlərin işinə yarayır.