Bu vəziyyətdə o, çox amansız olur və ən qatı cinayəti belə törədir
Salyan rayonunda ərini öldürüb meyitini hissələrə bölərək kollektora atmaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, Salyan Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, uzun illərdir Azərbaycanda ailə konfliktləri, qadın qətlləri ilə bağlı xoşagəlməz mənzərə müşahidə olunur. Qadınlara şiddətə qarşı zaman-zaman cəmiyyətin düşünən kəsimi, media, ziyalılar həyəcan təbili çalıblar. Son zamanlar isə fərqli bir mənzərənin şahidi oluruq: qadınlar ərlərini bıçaqlayır, öldürür.
Yenikənd kəndinin bələdiyyə sədri Məsabə Abasov Teleqraf.com-a bildirib ki, hadisəyə görə polis tərəfindən saxlanılan R.Hüseynovun həyat yoldaşı Mətanət Hüseynova 15 il əvvəl ailə qurmaq üçün ona qoşularaq qaçıbmış: “Yeniyetmə yaşında 2 oğlan, 1 qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çobanlıq edir. Bu səbəbdən onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar”.
Onun sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş: “Yazıq gəlin neyləsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün hadisəni törədib”.
İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olduğu üçün ailədə mütəmadi olaraq münaqişələr baş verirmiş. 15-20 gün bundan əvvəl kənddə Röyalın evdən silah və pul götürərək quş ovlamağa getdiyi və geri qayıtmadığı haqda məlumat yayılıb. Bundan sonra axtarışlar başlayıb.
Maraqlıdır, Azərbaycan qadını niyə kriminal xəbərlərin obrazına çevrilir? Onları buna nə vadar edir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyətində stress çoxalıb. İnsanların bir-birinə, ailə üzvlərinə qarşı bir aqressiyası var: “Bu aqressiyalar da iqtisadi bağlılıq, qanunlarda boşluqların olması və s. ilə bağlıdır. Əri tərəfindən mütəmadi olaraq şiddətə məruz qalan qadınların bir gün cinayətə əl atması təəccüblü deyil. Yəni qadınların ölüm işlərində məsuliyyətə cəlb edilməsi, adının hallanması daha çox kişilər tərəfindən şiddətə məruz qalmaları ilə bağlıdır. Bəzən ər övladına qarşı şiddət göstərir, bu zaman qadın dözmür və cinayət törədir. Son çıxış yolunu bunda görür. Bütün hallarda bu, cəmiyyətimizdəki aqressiyanın nəticəsidir. Amma bütün hallarda bu cür cinayətlərdə məsuliyyəti ilk olaraq kişilərin üzərinə qoyuram. Lakin elə qadınlar var ki, başqa bir şəxslə birləşərək heç bir günahı olmayan həyat yoldaşını öldürür, zəhərləyir. Bu cür nankor qadınlar da var. Onlar azlıq təşkil edirlər.
Qadınların qatilə çevrilməsinin qarşısının alınmasında vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasının da rolu olacaq. Sosial problemlər həll olunarsa, ailədə sülh olacaq və belə cinayətlərin sayı da azalacaq. Ər işləmir və ya iş tapa bilmir, bu da ailədə narazılığa, söz-söhbətə, aqressiyaya gətirib çıxarır. Nəticədə işsizlikdən, sosial problemlərdən doğan cinayətlər baş verir".
Psixoloq Azad İsazadə isə ”Şərq”ə açıqlamasında deyib ki, ailə daxilində baş verən qətllərin müxtəlif səbəbləri olur:
“Bu, normal adekvat reaksiya deyil, əksinə, qeyri-adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Ailə zorakılığına məruz qalan qurban – bu, daha çox qadın olur – özünü və ya uşaqlarını qorumaq üçün yoldaşına ağır xəsarət yetirir və nəticədə ölüm faktı törənir.
Güclü psixoloji gərginlik, sarsıntı keçirən qadın öz üzərində nəzarəti də itirir. Bu vəziyyətdə o çox amansız olur və ən qatı cinayəti belə törətməyə qadirdi. Hadisədən sonra qadın affekt vəziyyətindən çıxır və ona elə gəlir ki, qətli o yox, başqa birisi törədib. Şokdan ayıldıqdan sonra hadisəni yavaş-yavaş xatırlamağa başlayır. Bəziləri isə cinayət hadisəsinin üzərindən uzun illər keçməsinə baxmayaraq, qətli necə törətdiyini xatırlaya bilmir”.
Psixoloq ailədaxili münaqişələrin artması səbəbini insanlar arasında psixoloji gərginliyin çox yüksək həddə olması ilə əlaqələndirir: “Çoxları sağlamlıq deyəndə ancaq fiziki sağlamlığı nəzərdə tutur. Ancaq əslində, bu heç də belə deyil. Sağlamlıq həm də psixikanın sağlam olması deməkdir. Müqayisə üçün qeyd edim ki, Birləşmiş Ştatlarda psixi sağlamlığın profilaktikası üçün milyardlarla dollar vəsait ayrılır. Bununla bağlı proqramlar qəbul olunub həyata keçirilir. Ancaq Azərbaycanda problem ondan ibarətdir ki, adi profilaktik tədbir belə görülmür. Sosial sektorlar çox zəif işləyir. Əvvəllər heç olmasa, sahə müvəkkili gəlib insanlarla maraqlanırdı. İndi isə sahə müvəkkili gəlib deyə bilərmi ki, niyə içki içirsiniz, ailənizi döyürsünüz? Təbii ki, yox. İndi ailələrə heç kim müdaxilə edə bilmir.
Deyirlər ki, yaxşı deyil, get ərinin, qayınananın sözünə qulaq as. Bütün bu və digər faktorların ciddi qəbul olunmaması üzündən ailə-məişət zəminində cinayətlərin artması müşahidə olunur. Ancaq sovet dövründə bu kimi məsələlərə diqqət yetirilirdi və ona görə də bu səpkili cinayətlərin sayı az idi. O dövrdə sahə müvəkkili gəlib maraqlanırdı görüm insan ailəsini incidirmi. Bu yöndə müəyyən tədbirlər görülürdü. İndi sahə müvəkkili harada tikinti aparılır, ora müdaxilə edir. Bütün bunlar da həmin hadisələrin baş verməsinə təkan verir”.