Cadugərlik İslamda qadağan edilir: Falçı, kahin yanına gedənlərin 40 gün ibadəti qəbul olmaz -İLAHİYYATÇI

Bakıda 35 yaşlı qadın falçının qurbanı olub.
Xəzər TV xəbər verir ki, paytaxtın Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı axtarıb.
Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı falçı ona müxtəlif dualar yazıb.
Qadın özəl musiqi dərsləri alır, ifaçılıq sənətinə yiyələnmək istəyir. İddiasına görə, falçını da elə dolanışıq üçün axtarıb və ona inanaraq zinət əşyalarını satıb, işlərinin düzələcəyinə inanıb. Amma 1 il ərzində nə işi düzəlib, nə də pulu geri qaytara bilib.
Gənc qadın iddia edir ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.
İlahiyyat İnsitutundan məzun olduğunu iddia edən Natiq Sabirabad rayonunun Çiçəkli kəndində ruhani kimi fəaliyyət göstərdiyini bildirib. Deyilən iddiaların isə həqiqatlə heç bir əlaqəsi olmadığını deyib.
Hazırda fakt Xətai Rayon 34-cü polis bölməsi tərəfindən araşdırlır.

İlahiyyatçı Tural İrfan “Sherg.az"a  deyib ki, falçılıq, sehrbazlıq, cadugərlik İslam dinində doğru hesab olunmur və qadağan edilir:

“İnsanların dini inancı və savadı yerində olmayanda xurafata meyl edərək, sehrbazlara inanırlar. Amma dini inancı sağlam olanlar heç zaman falçıların təsirinə düşmür. Çox zaman da bəzi dələduzlar maddiyyat əldə etmək üçün nəinki falçılıqla hətta dini ayinləri alətə çevirib cəmiyyətə ziyan vururlar. Fal kimi vasitələrlə asan yolla məqsədə çatmaq arzusunda olanlar dini bilgisi, xarakteri zəif, savadı məhdud olanlardır. Xüsusilə dini alət edib bu cür dələduzluq edənlər böyük günah qazanırlar. İnsanların etibarından, inancından istifadə edərək onlara maddi ziyan vurmaq hansı vasitə ilə olursa olsun dələduzluqdur. Yəni, adamı aldadaraq pulunu əlindən almaq. Bu, istər falçılıq yolu ilə, istərsə də hər hansı başqa üsulla olmuş olsun. Əgər sübuta yetirilərsə dəymiş ziyanın həcminə, məbləğinə görə də məsuliyyət tədbiri görülə bilər. Ümumiyyətlə bilmək lazımdır ki, fal və cadu kimi şeylərlə heç nəyə nail olmaq olmaz. Bunlar əvvəla günahdır. Peyğəmbər buyurur ki, falçılara, kahinlərə gedənlərin 40 gün ibadəti qəbul olmaz. Qeybi bilən ancaq Allahdır. Duaları qəbul edən də Allahdır. Cadu və ya falla möcüzə icad etmək, arzuları yerinə yetirmək illüziyadan, foksdan başqa bir şey deyil. Psixoloji cəhətdən zəif xarakterli insanlara təsir göstərib maddiyyat əldə edirlər. Dini hörmətdən salmaq olmaz. Bu şeyləri dinə də bağlamaq olmaz. Din bunu haram bilir və məşğul olanı da müraciət edəni də lənətləyir. İnsanlar elmə, sağlam dini bilgiyə meyl etməlidir, falçıya, "caduçıxaranlara", şarlatanlara deyil”.