“Ana kimi vəzifəmi yerinə yetirməliyəm...” - Məktəbə motosikletlə gedən müəllimə

İradə İsmayılova kədərli həyat  hekayəsini “Şərq”ə danışdı

“Kənar şəxslərin nə düşündüyü, nə deyəcəkləri mənim üçün önəmli deyil”

“Önəmlisi budur ki, vaxtında işə çatmalıyam, işdən sonra evə tez qayıtmalıyam. Övladlarıma özüm nəzarət edirəm. Məndən başqa onlara nəzarət edəcək kimsəm yoxdu”

Motosiklet sürmək hobbi də ola bilər, amma. Maraq üstün gəldi. Söhbətə tutduq. Və qarşımızda heç gözləmədiyimiz həyat lövhəsi açıldı. Bu lövhədə sevinc də var, kədər də. Oxucumuz bu qadının həyatı ilə tanış olduqca, “kədərli hekayədir”, düşünə bilər. Amma İradə xanım rastlaşdığı və bu gün də içində olduğu çətinliklərdən elə ürəklə danışır ki, biz onun həyatında sevincin çox olduğunu görürük. Baxmayaraq ki, həyatı çətin keçir, problemləri var. Biz bu çətinliklərə kədər, əzab, əziyyət də deyə bilmərik. İradə xanım da buna izin verməz, razılaşmaz, inciyər də bizdən. Çünki onun həyatında ən böyük sevinci övladları və şagirdləridir; onu – motosikletli İradə müəllimlərini sevən şagirdləri. “Motosiklet hekayəsini” isə qoy özü danışsın:  


İsmayılova İradə Nadir qızı. 25 iyul 1980-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Kürdəmir rayonunda yaşayır. M.Ə.Rəsulzadə adına 2 saylı tam orta məktəbdə informatika üzrə laborant vəzifəsində çalışır. İxtisası isə ibtidai sinif müəllimidir. 8 il Qarasu kəndində ibtidai sinif müəllimi işləyib. 
“Bu xanımı niyə tanıdırıq”, deyə sual yaranacaq, maraq doğuracaq bəlkə oxucumuzda. İradə xanımı (onun müəllim olduğunu biz də öncə bilmirdik – M.R.) motosiklet sürərkən gördük. Gənc yox, orta yaşlı bir xanımın motosiklet sürməyi bizi təəccübləndirdi. Bir xanım niyə, nədən motosiklet idarə etsin ki?!. "Wolt" sürücü deyil, yemək çatdırmır, polis deyil, motorla hərəkət edən peşə sahiblərinə oxşamır, “tik-toker” heç deyil. 

- 2 övladım var. Qızım Gülmira, oğlum Əliyusif. Ailə tərkibimiz belədir. Amma ikisinin də səhhətlərində müəyyən problemlər var, psixoloji, əqli baxımdan. Oğlum I qrup əlildir, qızım II qrup. Oğlum autizm xəstəsi olub. Həddindən artıq hiperaktivdir. Krizə girəndə onu küçəyə çıxarırdım. Adrenalin sevir. Gəzirdik. Bəzən taksiyə minirdik. Müayinələrə, psixoloqa aparmalı olurdum. Gördüm ki, çətindir, nə vaxt çatdıra bilirəm, nə də maddi baxımdan taksiyə pul çatdırmaq olur. Qızım da xüsusi sinifdə oxuyurdu. Onu da dərsə aparıb gətirirdim. Evimizlə məktəb arasında 3-4 kilometr məsafədi. Ora piyada gedib gəlmək çətinlik yaradırdı. 2 ildir sürürəm. 2 uşaqla çətin idi. Motosiklet almaq qərarına gəldim. Qərara gəldim motosiklet alım, özüm idarə edim. 

– Necə qarşılayırlar, münasibət necədir, sizin motosikletlə məktəbə gəlməyinizə? 

- Uşaqlar – şagirdlər çox yaxşı qarşılayır. Rayon yeridir, mənfi yanaşanlar vardı əvvəlcə. Qəribə baxırdılar. Amma indi çoxları deyir, kaş biz də sürə bilək, nə ağıllı iş görmüsən. Düzdür, çətindir. Təhlükəlidir. Üstün cəhəti budur ki, istədiyin vaxtda istədiyin yerə çata bilirsən. Mən ailə başçısıyam, uşaqlar mənim himayəmdədir. Kənar şəxslərin nə düşündüyü, nə deyəcəkləri mənim üçün önəmli deyil. Önəmlisi budur ki, vaxtında işə çatmalıyam, işdən sonra evə tez qayıtmalıyam. Övladlarıma özüm nəzarət edirəm. Məndən başqa onlara nəzarət edəcək kimsəm yoxdu. Oğlum Bakıda, Şağan qəsəbəsindəki əlillərin müalicə mərkəzinə yerləşdirilib, dövlət tərəfindən. Buna görə cənab Prezidentə minnətdaram. Mənə dedilər, Prezidentə müraicət et, oğluna da, qızına da əlilik dərəcəsi düşür. Müavinət almalıdırlar. Mən də müraciət etdim. Sağ olsun, cənab Prezident. Müraciətimdən sonra oğluma da, qızıma da əlillik dərəcəsi təyin edildi, müavinət verilməyə başlandı. Oğlum da müalicə mərkəzinə yerləşdirildi. Ötən yay 3 aylıq tətil zamanı oğlum müalicə kursu alsın deyə, Qala qəsəbəsində ev tutdum, orada qaldım, hər gün oğlumu Mərdəkandan Zabrat qəsəbəsinə terapiya müalicəsinə aparırdım, motosikletlə. Oradan gətirirdim təkrar Mərdəkana, müəssisəyə yerləşdirirdim. 

- Övladlarınızda bu problemlər anadangəlmə olub? 



 
- Xeyr. 2-si də normal körpə kimi dünyaya gəliblər. Problemlər sonra yaranıb. Qızım tam sağlam dünyaya gəlib. Amma bağçada soyuqlayıb. Sətəlcəm olub. Onu mən necə əziyyətlə sağaltdım. Hətta müayinə edən həkim inanmadı ki, bu uşaq sətəlcəm keçirib. Ona elə qulluq etdim, elə diqqətlə nəzarət etdim ki, sətəlcəmdən əsər-əlamət qalmadı. Lakin sonra qızımın gözü qarşısında baş vermiş bir hadisəyə görə (hadisə qonşuda olmuşdu) dili tutuldu. Nitqi itdi. Məcburiyyət qarşısında onu məktəbin nəzdindəki xüsusi sinfə qoymalı oldum. Çünki əvvəlki sinfində uşaqlarla bir yerdə təhsil alması mümkün deyildi artıq. Qızımın 15 yaşı var, yaşına görə hazırda 9-cu sinifdə oxumalıdır, amma 6-cı sinfə gedir. Təhsildə gerilədi. Ancaq ağıllı uşaqdır, dərslərini indi çatdırıb öyrənir. Həmin o hadisə mənə də ağır təsir etdi, o zaman 2-ci övladıma hamilə idim. Körpə dünyaya gəlməmişdən əvvəl stress keçirmişdim deyə, uşaq beyin qanaması ilə dünyaya gəldi. Amma onda da heç bir problem müəyyən edilmədi. Normal uşaq idi. Oğlumu bağçada qoydum. Bunu çəkinmədən deyirəm, bağçada dayə uşağı döyüb. Bezini islatdığına görə. Aparıb sanitar qovşağa, orada döyüb, psixoloji şiddət göstərib. Uşaq da qorxub, stress keçirib. Məlum oldu ki, oğlumda autizm xəstəliyi yaranıb. 11 yaşındadı indi. 

- Söhbətimizin əvvəlində dediniz ki, ibtidai sinif müəllimisiniz, bəs niyə ixtisasınız üzrə işləmirsiniz? 

- Ailəmizdə məni məcbur etməyiblər təhsil alım, yaxşı  oxuyum. 9-cu sinfə kimi təhsil aldım. Sonra məktəbdən çıxdım. Ailəmizin maddi vəziyyəti elə idi ki, təhsilimi davam etdirmək mümkün olmadı. Məktəbdə də orta səviyyəli şagird olmuşam. Ən çox sevdiyim fənlər Riyaziyyat və Coğrafiya idi. Həkim olmaq istəyirdim, bir ara polis olmaq keçirdi ürəyimdən. Bunlar hamısı uşaqlıq arzusu olaraq da qaldı. Amma özüm təhsilimi davam etdirmək istəyirdim. Məktəbdən ayrıldıqdan 6 il sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil oldum, ibtidai sinif müəllimi ixtisası üzrə təhsil aldım. Kürdəmirin Qarasu kəndində müəllim işlədim. Ailə qurdum. Qızım dünyaya gəldi. Ailə həyatım alınmadı, ayrıldıq yoldaşımla. Bayaq danışdım sizə, qızımın səhhətində yaranan problem barədə. Qızımın səhhətiylə əlaqədar müəllimlik peşəmdən imtina etməli oldum. Çünki həkim qarşıma şərt qoydu – ya işin, ya övladın. Mən əlbəttə ki, övladımın sağlamlığını seçdim. İş yerimi itirsəm də, qızımı sağaltdım. Bu, mənim üçün, bir ana kimi böyük xoşbəxtlikdir. Qızımın səhhətində problem yarananda həyat yoldaşımla təkrar barışdıq. Qızım atasına çox bağlı idi. Həkim də dedi ki, ata-ana bir yerdə olsa, uşaq daha tez sağalar. Birgə yaşamağa başladıq, övladımıza görə. Amma sonra yenə ayrılası olduq... 

- Əvvəlki işinizə qayıda bilməzsiniz indi? 

- İmtahan verdim, az bal topladım. Hazırlaşmamışdım imtahana. Mənə 2 saylı orta məktəbdə dərs saatı verdilər. İnformatika üzrə laborant kimi çalışıram. Yenə də imtahanlara hazırlaşıram. Qarşıma məqsəd qoymuşam, yüksək bal toplayıb ibtidai sinif müəllimi kimi məktəbə qayıdım. 

- İşiniz ağırdır... 2 övlad böyüdürsünüz, problemləriniz də var. Yəqin buna görə hazırlaşmağa lazımi vaxt ayıra bilmirsiniz... 

- Mənim üçün əsas övladlarımın sağlamlığıdır. Ana kimi vəzifəmi yerinə yetirməliyəm. Əvvəlki vaxta nisbətən indi daha rahatdır. Oğlumu müalicə mərkəzinə yerləşdirəndən sonra qızım evdə daha sərbəstdir, dərslərinə hazırlaşa bilir. Oğlum ona mane olurdu, əlbəttə, istəmədən. Mənə məsləhət gördülər, uşağı evdən uzaqlaşdırım, ikisi də birlikdə əziyyət çəkməsin. Amma yaxşı oldu, oğlumu Mərdəkana aparmağım. Orada müalicə alır, reabilitasiya kursu keçir. Çətin də olsa, həyatımdan razıyam. 

- Bəs motosiklet sürməyi necə öyrəndiniz?   

- Motosikletdən əvvəl avtomobilim vardı. Ucuz qiymətə almışdım. Elə onu da hərəkət etmək asan olsun deyə, almışdım. Sonra baxdım ki, motosiklet daha sərfəlidir. Əvvəlcə elektrikli motor aldım. Buna məni təsərrüfat işləri üzrə müdirimiz həvəsləndirdi. Dedi ki, heç nədən çəkinmə, qadınlar maşın da sürür, motosiklet də. Ürəkləndim. Kredit götürdüm və elektrikli motosiklet aldım. Gördüm, mənə heyrətlə baxırlar ki, ustalıqla idarə edirəm. 1 il sürdüm. Yükgötürmə gücü zəif olduğundan dəyişməli oldum, başqasını aldım. Çünki oğlumu, qızımı aparıb gətirirdim, elektrikli motosiklet əl vermirdi. İndi idarə etdiyim daha etibarlıdır. Bunu da kreditlə almışam. İşləyib ödəyirəm. Əsas odur ki, ətrafdakılar qəribə baxmır artıq. Hamı sanki məni motosikletdə görməyə vərdiş ediblər. Mənim üçün əsas zamandır. Yolda zaman itirmək istəmirəm. Övladlarımın sağlamlığı buna bağlıdır.