
İndi də velosipedçilər və skuterlər "avtoşluq" edir
Ekspert: Velozolaqlar son 1 ildə yaranıbsa, bunu qəbul edən də var, qaydalara əməl etməyənlər də
Bunları aradan qaldırmaq üçün sərt nəzarətlə yanaşı təbliğat və maarifləndirmə işləri də aparılmalıdır
DİN Baş Dövlət Yol Polisi İdarəsinin velosiped idarə edənlərə müraciəti yayılıb. Müraciətdə bildirilir ki, ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar: “Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi ilə nəticələnir. Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən və ya yolayrıcında dönərkən qəfil manevrlərə yol verilməməli, digər hərəkət iştirakçıları əvvəlcədən əl işarəsi ilə xəbərdar edilməlidir. Bundan başqa, xüsusi velosiped zolaqları olan yerlərdə yalnız həmin zolaqlardan, digər hallarda isə yolun sağ kənarından istifadə olunması vacibdir. Unutmayın ki, yol hərəkəti qaydalarına riayət etmək – həyatınızı qorumağın ən etibarlı yoludur".
Həqiqətən də, hərəkət iştirakçılarının sayı – növləri artdıqca, təhlükələr də artır. Paytaxtda son zamanlar yol-nəqliyyat infrastrukturu sahəsində bir sıra islahatlar aparılıb. Avtobus, velosiped, skuter zolaqları çəkilib, dayanma-durma məntəqələri yaradılıb, digər nəqliyyat vasitələrinin bu zolaqlara girişi, xüsusi zolaqlarla hərəkəti qadağan edilib. Bununla belə, yolun hərəkət hissəsində velosiped və skuterlərin nizamsız hərəkətlərinin və hədsiz sərbəstliklərinin şahidi oluruq. Mobedlər isə avtomobillərin arası ilə “avtoşluq” edir, harada istəsələr dönür, dayanır, əks istiqamətlərə gözlənilməz keçidlər edir, beləliklə, real qəza vəziyyəti yaradırlar. Velosiped və skuterlər də həmçinin. Yolun digər nəqliyyat vasitələri üçün ayrılmış zolağı ilə ildırım sürəti ilə şütüyürlər. Avtobusların, avtomobillərin gah önündən, gah da arxasından gözlənilmədən peyda olur, hətta piyadalar üçün də təhlükəli vəziyyət yaradırlar. Bu, bir qədər də “atam mənə kor deyib, gəlib-gedəni vur, deyib” məsəlinin real həyatda inikasına bənzəyir. “Çoxnövlülük”, “şəhər mobilliyidir” deyib, istədikləri kimi hərəkət edirlər.
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, velozolaqlar şəhərimizdə yenilikdir, son 1 ildə formalaşıb. Və zolaq şəbəkəsinin olması zatən təhlükəsiz hərəkət üçün nəzərdə tutulur:

- Problemlərdən biri budur ki, velozolaqda fərqli nəqliyyat vasitələri park edir. Bu da velosiped sürənlərin yanlış manevr etməsinə zəmin yaradır. Velosipedçi öz zolağından çıxıb başqa zolağa daxil olmaq məcburiyyətində qalır. Əgər digər hər hansı nəqliyyat vasitəsi qaydanı pozursa, park edirsə, velozolaqda avtobus zolağında daxil olursa, onunla bağlı sərt tədbir görülməlidir. Şəhərin mərkəzində bunu görə bilərsiniz. “28 May Mall” tərəfdə, Şəmsi Bədəlbəyli küçəsində digər nəqliyyat vasitələri velozolaq üzərində park edirlər. Ən çox istifadə olunan küçədir. Digər tərəfdən velozolaqlar şəbəkələşir və istifadəçi sayı artır. İstifadəçi sayı artırsa, şəbəkəni daha sürətlə inkişaf etdirib əlaqələndirilməsi yönündə müvafiq işlər görülməlidir. Hazırda 35 kilometrdən bir az artıqdır. Növbəti illərdə artırılması, 60 km.-ə çatdırılması hədəflənir. Hazırda velo-zolaqların əlaqələndirilməsi və qorunması istiqamətində aktiv işlər görülməlidir. Velo-zolaq olmayan küçələrdə qanuna görə yolun sağ tərəfi ilə hərəkət etməlidirlər. Digər nəqliyyat vasitələrinin sürücüləri də qəbul etməlidirlər və anlayışla qarşılamalıdırlar ki, şəhərimizdə velozolaqlar artıq var və mikromobillik vasitələri daha aşağı sürətlə hərəkət edir, nəinki ictimai nəqliyyat və ya avtomobillər. Bu məsələdə həmçinin ciddi təbliğata, maarifləndirməyə diqqət etməliyik. Hərəkət iştirakçıları bir-birilərinə münasibətdə nələri bilməlidirlər, nələrə diqqət etməlidirlər. Velozolaq yenilikdir. Bakıda olmayıb velozolaq. Velozolaqlar son 1 ildə yaranıbsa, bunu qəbul edən də var, qaydalara əməl etməyənlər də. Bu da müəyyən risklər yaradır. Bunları aradan qaldırmaq üçün sərt nəzarətlə yanaşı təbliğat və maarifləndirmə işləri də aparılmalıdır. Digər vacib məsələ həm də infrastrukturun daha da təkmilləşdirilməsidir. Hər kəsin öz zolağı, öz yolu olandan sonra təhlükələr də minimum olacaq. Şəhərimizdə piyada infrastrukturu istənilən səviyyədə deyil. Axınların qarışmaması, bir-birinə mane olmaması üçün baryerlər aradan qaldırılmalı və sərt nəzarət tətbiq edilməlidir.